Azərbaycan beynəlxalq sərgidə iştirak edir


13:49     06 İyun 2018 2018/06/gemi1_9169584888.jpg

Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo” mərkəzində dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan 25-ci “Poseydoniya-2018” öz işinə başlayıb.


Builki sərgidə 160 illik yubileyini qeyd etməyə hazırlaşan və ölkənin qocaman şirkətlərindən biri – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də öz stendi ilə təmsil olunur. Stenddə ölkəmizin dənizçilik sahəsi, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Gəmiqayırma Zavodu haqqında məlumatlar, videoçarxlar nümayiş etdirilib.

Stendin özəlliklərindən biri də burda yaradılan milli güşədir. Milli süvenir və əşyalarla bəzədilən güşədə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi tərənnüm olunur. Bütün bunlar Gəmiçiliyin stendinə marağı bir qədər də artırıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgi çərçivəsində “B2B” formatında bir sıra işgüzar görüşlər keçirib, dənizçilik sahəsində nüfuzlu beynəlxalq şirkətlərlə müzakirlər aparıb. Danışıqlarda Gəmiçiliyin fəaliyyət istiqamətləri, Xəzərdə və xarici sularda üzən donanmaları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də təmsil olunduğu nüfuzlu biznes platformalardan sayılan və iki ildən bir keçirilən sərgidə bu il ümumilikdə 92 ölkədən 1900-dən çox şirkət iştirak edir. Bu da 2016-cı ildəki iştirakçıların sayından 16% çoxdur. Onların arasında dənizçiliklə əlaqəli qurumlar, müxtəlif beynəlxalq təşkilatlar, təsnifat cəmiyyətləri, təhsil müəssisələri yer alıb. Sərgiyə dünyanın ən böyük gəmi istehsalçıları Çin, Yaponiya və Cənubi Koreyadan da nümayəndələr qatılıb.

Sərgidə şirkətlər xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirməklə yanaşı, işgüzar əlaqələr də qurublar.

Femida.az

Açar sözlər: Gəmiçilik   Zavod  

Oxunub: 1252