Kəlbəcər girovları ilə bağlı video Avropa Məhkəməsinə göndərilib


16:17     06 İyun 2018 kelbecer%20girovlari%204%20fevral.jpg

Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı sənədlər və videogörüntü Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunub.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Kollegiya sədri bildirib ki, Avropa Məhkəməsində kommunikasiya işləri davam edir.

"Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların əldə edilməsinin şahidi olacağıq. Hesab edirəm ki, vətəndaşlarımızın qanunsuz həbsinə son qoyulmalıdır. Onların öz ərazimizdə sərbəst hərəkət etmə hüquqları tapdalanıb. Avropa Məhkəməsi onların hüquqlarını tanımalıdır".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər: #Anar-Bağırov   #Vəkil   #Kollegiya  

Oxunub: 1673


Oxşar xəbərlər