Ölkədən qanunsuz çıxmaq istəyən şəxsi hansı cəza gözləyir? - HÜQUQ

Ölkədən qanunsuz çıxmaq istəyən şəxsi hansı cəza gözləyir? - HÜQUQ


20:53     06 İyun 2018 hebs.jpg


Bu səhər ictimai fəal Ramin Hacılının qanunsuz şəkildə dövlət sərhədini pozaraq Gürcüstana keçmək istədiyi xəbəri yayıldı. Sərhədçilər tərəfindən saxlanılan R.Hacılı hüquq-mühafizə orqanlarına təqdim edildi.

Femida.az məsələnin hüquqi tərəfini araşdırıb və ölkə sərhədlərinin qanunsuz şəkildə keçmək istəyən şəxslərə hansı cəzaların verildiyinə vəkil şərhi vasitəsilə aydınlıq gətirib.

Ölkədən çıxışına qadağa qoyulmuş və ya qoyulmamış şəxs, fərqi yoxdur, əgər şəxs dövlət sərhədini qanunsuz şəkildə pozubsa, cinayət məsuliyyətinə cəlb olunur.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə görə, Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Məcəllənin 9-cu maddəsinə əsasən, Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
-məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə;
- Üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
- Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;
- Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı.



Vəkil Vüqar Babayevin femida.az-a açıqlamasında ölkədən qanunsuz formada getmək istəyənlərin aşağıdakı cəzalara məruz qaldığını bildirib:

“Cinayət Məcəlləsinin 318-ci maddəsinə görə, dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



318-ci maddənin 1-ci bəndində isə göstərilir ki, hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə və insan həyatı üçün təhlükəli üsulla törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #cinayət   #sərhəd   #DSX   #Ramin_Hacılı   #Vüqar_Babayev   #vəkil   #hüquq   #hüquqşünas   #femida   #miqrasiya  

Oxunub: 7942