AMEA-nın yeni prezidenti məlum oldu


18:58     08 İyun 2018 2018/06/amea-toplanti_1528455706.jpg

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, ümumi yığıncağın gündəliyində akademiyanın Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın, akademiyanın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlarının təqdimatı, AMEA-nın prezidentinin və Rəyasət Heyətinin yeni tərkibinin seçilməsi nəzərdə tutulub.

Sonra akademik A.Əlizadə AMEA-nın 2017-ci il və son beş ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Ötən ilin mühüm elmi nailiyyətlərlə və uğurlarla yadda qaldığını söyləyən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra AMEA-nın akademik-katibi akademik Rasim Əliquliyev tədbir iştirakçılarının hesabatla bağlı suallarını cavablandırıb.

Təhsil naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdikləri qurumların fəaliyyətindən, AMEA ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıblar.

Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”, AMEA-nın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatları sahiblərinə təqdim olunub.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiyanın prezidenti seçkisi başlayıb.

Bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

Səsvermədən sonra Akif Əlizadə yenidən AMEA prezidenti seçilib.

Xatırladaq ki, o, bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.

Açar sözlər:

Oxunub: 1590