İrandan "botoks" gətirən həkim məhkəmədə ifadə verdi


21:50     08 İyun 2018 agir%20cinayet.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qanunsuz dərmanlar gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Ghahremani Hafez və Jahani Hiveh Chi Hamidin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Femida.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Jahani Hiveh Chi Hamid ifadə verib. O deyib ki, 2016-cı ildən Bakının müxtəlif klinikalarında çalışıb və kosmetoloq kimi fəaliyyət göstərib: "Kosmetoloji sahədə bu preparatlardan istifadə edirik. Botoks dərmanları üzdə yaranan qırışları aradan qaldırır. Yəni, deyildiyi kimi bu dərmanların insan səhhətinə heç bir ziyanı yoxdur. 2018-ci ilin yanvar ayından İranda botoks dərmanlarını satan şirkətlə əlaqə saxladım və sifariş verdim. Dərmanı satmaq üçün yox, xəstələrin əməliyyatı zamanı istifadə etmək üçün sifariş verdim. Çünki İrandan gətirilən dərmanlar digər ölkələrlə müqayisədə çox ucuzdur".

Qeyd ki, ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpa olunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.

Jahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatı, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkarlanıb.

Müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.

Ghahremani Hafez Habib Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi sərnişin avtobusu ilə İrandan Azərbaycana “Canotix 50 units” dərman preparatını gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

Jahani Hiveh Chi Hamid və Ghahremani Hafez Habib barəsində həbs növündə qətimkan tədbirləri seçilib.

Femida.az

Açar sözlər: #İran   #Botoks   #Həbs  

Oxunub: 1815