Vətəndaş və hüquqşünaslar üz-üzə

Vətəndaş və hüquqşünaslar üz-üzə


15:44     12 May 2015 feys20.jpg

Femida.az bu həftədən etibarən oxuculara yeni layihəsini təqdim edir.


Lahiyədə oxucuları maraqlandıran hüquq və insan haqları ilə bağlı suallara peşəkar ekspertlərin cavabı olacaq. Layihənin hazırlanmasında məqsəd insanlara hüquq və azadlıqlarla bağlı yardım etmək və maarifləndirmə işinin aparılmasıdır.

Oxucuların bizə ünvanlandırdığı sualların cavablarını hüquqşünasların dilindən eşidək.

Oxucu Kənan Qasımov- Mənə haqsız cərimə yazan yol polisini məhkəməyə vermək üçün hansı sənədlər və nə qədər cərimə tələb olunur?

Cavablandıran hüquqşünas Araz Yusifov : ” Sürücünün cərimə edilməsi barədə yol polisinin qəbul etdiyi inzibati qərardan fiziki şəxsin yaşadığı yer üzrə rayon məhkəməsinə şikayət vermək lazımdır. Şikayət ərizəsinə protokolun və qərarın surəti əlavə olunmalıdır. Məhkəməyə müraciət üçün dövlət rüsumu tələb olunmur.
Oxucu Elxan - Növbəli iş üsulu ilə işləyən işçini istirahət vaxtı işdən çıxma əmrini vermək olar mı? Yəni işçi ayın 1-dən 15-ə kimi işləyir və 15-dən 30-na kimi istirahətdə olur. İşdə olduğu vaxtda bülleten götürdüyünə görə işdən çıxma əmri verə bilinmir. Bəs istirahət vaxtı?

Cavablandıran hüquqşünas Nicat İsmixanov:

“ İşçinin müvafiq aydada təsdiq edilmiş İş qrafiki üzrə istirahət günündə olması zamanı əmək müqaviləsinin xitam verilməsini məhdudlaşdıran norma movcud deyil. Yəni həmin günlərdə əmək müqaviləsinə xitam verilməsi mümkündür. Lakin əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada və əsasda xitam verilməlidir.

Oxucu Vüsal - Müdddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əgər 331.3-cü maddə ilə cinayət məsuliyyətinə cəlb edilibsə, onun işlədiyi dövrə görə pensiya almaq hüququ varmı? Qeyd edim ki, şəxs azadlıqdan məhrum edilməmişdən əvvəl 3 il müdətində müddətdən artıq xidmət edib. Varsa, bu hansı qanunvericiliklə tənzimlənir?

Cavablandıran hüquqşünas Məhərrəməli Həmidov : “ 331.3. maddəsi Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi hallarını nəzərdə tutur. Hərbi xidmətdə döyüş vaxtları olubsa 3 ili 6 il sayılır. Hərbi xidmət dövrləri iş stajına daxil olur. Pensiya hüququ yarandığı təqdirdə alır. Amma sualda qeyd olunduğu kimi, 3 il staja görə pensiya hüququ yaranmır. Cəzaçəkmə müəsissələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası məhkəmənin fərqli qərarı yoxdursa tam məbləğdə ödənilir.

Oxucu - Bacım Muxtarova Kimyə 12 yaşındadır. Anam dünyasını dəyişəndən sonra bacıma pensiya hesablanıb.Sonra atam dünyasını dəyişdi. Bundan sonra evin böyük övladı olaraq İcra Hakimiyyətinin təsdiqlədiyi sənəd ilə bacımı qəyyumluğa götürmüşəm. Atamın 45 il iş təcrübəsi olub, bunun 14 ilini dövlət qulluğunda çalışıb.Bacıma atamın aldığı tam əmək haqqı ilə pensiya hesablanmasını Dövlət Sosial Müdafiə Fondundan xahiş edirəm. Fondun işçisi mənə bildirir ki, atam rəhmətə gedən tarixədək dövlət qulluqçusu işləyib, dövlət qulluqçusu kimi təqaüdə çıxa bilməyib, işləyərək yaşa görə 170 manat pensiya alıb.Ona görə də bacının aldığı 161 manat pensiyanın üzərinə atanın yaşa görə aldığı 170 manat pensiyanı əlavə edərək alınan rəqəmin 55 %-i miqdarında bacına pensiya kəsiləcək. Bacıma mərhum atamın aldığı tam əmək haqqı üzrə pensiyanın hesablanması nə dərəcədə Qanunvericiliyə uyğundur?

Hüquqşünas Məhərrəməli Həmidov- Dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə, dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbleğinin 5 faizi miqdarında elavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından cox olmamaq şerti ilə müəyyən olunan məbləğlə qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

P.S.Sizi də maraqlandıran suallar varsa, Femida.az saytına daxil olub suallarınızı bizə ünvanlaya bilərsiniz.

Miri Məcidli

Femida.az

Açar sözlər:

Oxunub: 1645