"Yaxın günlərdə TANAP işə salınacaq" - İlham Əliyev


17:24     10 İyun 2018 2018/06/15286-1528618221_1528622457.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovun etimadnaməsini qəbul edib.

Səfir Nikolay Yankov fəxri qarovul dəstəsinin qarşısından keçdi. Nikolay Yankov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı, Bolqarıstan Prezidentinin və Baş nazirlərinin Bakıya, özünün Bolqarıstana səfərlərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Nikolay Yankovun səfirlik fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Nikolay Yankov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını Prezident İlham Əliyevə çatdırdı və dövlətimizin başçısını yenidən prezident seçilməsi, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik etdi. Səfir ölkələrimizin rəhbərliyi arasında dostluq əlaqələrinin mövcud olduğunu bildirərək, bunun ikitərəfli münasibətlərin inkişafında rolunu xüsusi qeyd etdi.

Cənub Qaz Dəhlizi layihəsinə toxunan Nikolay Yankov bu layihənin icrasının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıdığını vurğulayaq, ölkəsinin gələcəkdə bu layihədə tranzit rolu oynaya biləcəyini dedi. O, Bolqarıstanın bu mühüm layihənin reallaşmasına siyasi sadiqliyini bir daha ifadə etdi.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini qeyd edərək, yaxın günlərdə TANAP-ın da işə salınacağını vurğuladı, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı Bolqarıstanın bu layihənin mühüm tərkib hissəsi olduğunu və gələcəkdə digər ölkələrə Azərbaycan qazının çatdırılması üçün tranzit rolu oynaya biləcəyini dedi.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, turizm, investisiya qoyuluşu, kənd təsərrüfatı sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Femida.az

Açar sözlər: Prezident   İlham-Əliyev  

Oxunub: 1024