Qorbaçovun qətlə yetirdiyi azərbaycanlı alimlər - 24 yanvar cinayəti


15:51     29 Sentyabr 2015 25bba8bf05c85d3814af876dc9c60511.jpg

1990-cı ilin müdhiş 20 yanvar qırğınından sonra Bakı-Sumqayıt yolunda daha bir dəhşətli cinayət törədildi: zirehli tank Azərbaycanın 5 kimyaçı aliminin yol getdiyi 05-10 AQU dövlət nişanlı “Jiquli” markalı maşını əzib keçdi.


Onlar paytaxtdan Sumqayıta, neçə ildir birgə çalışdıqları Polimer Materialları İnstitutuna gedirdilər. 5 elm fədaisi, kimya elmləri doktorları İbrahim İbrahimov, İsmayıl Mursaqulov, İdris Əhmədov, Parlaq Mustafayeva və Svetlana Məmmədova, çox güman ki, həmin gün elm naminə hansısa bir iş görmək ovqatında da deyildilər. M.Qorbaçovun göstərişi və marşal D.Yazovun, onun “icraçı qeneralı” V.Dubinyakın komandanlığı ilə Sovet qoşunlarının Bakıda törətdikləri vəhşiliklər onların hər birinin yaxın günlər üçün nəzərdə tutduqları planları büsbütün alt-üst etmişdi. Təsadüfi deyildi ki, əvvəllər heç zaman siyasətə qoşulmayaraq, ancaq elmlə məşğul olan, lakin son günlər Sovet rəhbərliyinə hiddətlərini gizlədə bilməyən bu alimlər yanvarın 22-də Prezident Aparatı qarşısında keçirilən etiraz mitinqində iştirak etmiş, hətta İbrahim müəllim orada söz alaraq, çıxışında M.Qorbaçov hakimiyyətinə, Bakıda günahsız həmvətənlərini gülləbaran etmiş hərbçilərin rəhbərlərinə öz kəskin etirazını və nifrətini bildirmişdi.

Xırdalanı keçib Ceyranbatana yaxınlaşmaqda idilər ki, birdən professor İbrahim İbrahimovun idarə etdiyi “Jiquli” maşını silkələnib, sürətini azaltdı və dayandı. İbrahim müəllimlə İdris müəllim maşından düşərək, mühərriki yoxlayıb, maşını birtəhər yenidən işə saldılar. 20-30 metr getdikdən sonra eyni hal baş verdi. Maşın yenidən dayandı. Bir daha maşına əl gəzdirib, 15-20 metr getdikdən sonra vəziyyət təkrar olunduqda İdris müəllim tez yerə düşərək, yenidən mühərrikə baxmaq istərkən, bayaqdan onların yanından qulaqbatırıcı uğultu ilə ötüb-keçən tanklardan birinin onların üstünə şığıdığını gördü. Maşındakıları əzib keçən tank İdris müəllimi də ağır yaralayaraq hadisə yerindən sürətlə uzaqlaşdı. Ağır yaralanmasına baxmayaraq, özündə güc tapan İdris müəllim yoldan keçənlərin köməkliyi ilə hadisə yerində keçinənləri və ağır yaralı halda olan Parlaq xanımı Sumqayıtın Təcili yardım xəstəxanasına çatdıra bilmişdi. Professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerindəcə həlak olmuşdu. Sağalacağına o qədər də ümid qalmayan istedadlı alim İsmayıl Mursaqulov da, həkimlərin ciddi səylərinə baxmayaraq, üç gündən sonra dünyasını dəyişdi. Yalnız Parlaq xanım və İdris müəllim uzun müddətli müalicədən sonra yaşamaqda davam edə bildilər.
Kimya elmi sahəsində bu tanınmış alimlərin çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Abbas Quliyevin dediklərindən:

- Çox təəssüf ki, Azərbaycan elmi də ağır itkisiz ötüşmədi. İnstitutumuzun aparıcı laboratoriyalarının rəhbərləri olan 5 elmlər doktoru sovet faşizmi ilə üzləşdi və institutumuz onlardan üçünü, böyük perspektivləri olan görkəmli kimyaçılarımızı itirdi. Onların hər biri istedadlı alim olmaqla yanaşı, həm də vətənpərvər ziyalı, gözəl insanlar idilər.

Abbas müəllim bildirir ki, elmin ən çətin sahələrindən olan neft-kimya sahəsində istedadlı bir gəncin kimya elmləri doktoru səviyyəsində yetişməsi üçün ən azı 30-35 il ömür sərf olunur. “Bunu nəzərə alsaq, 1990-cı ildə yalnız institutumuzun deyil, bütövlükdə Azərbaycan elminin nə dərəcədə böyük, ağır itki verdiyini anlamaq mümkündür.

- Mən o zaman cəmi bir il olardı ki, doktorluq dissertasiyası müdafiə etmişdim, ancaq o beş alimimiz artıq neçə illər idi ki, bu yüksək və nüfuzlu elmi dərəcəyə malik idilər, - deyə institutun rəhbəri, professor Abbas Quliyev müqayisəni davam etdirir. – Əgər mən ötən 24 il ərzində AMEA-nın müxbir üzvü, institutun direktoru ola bilmişəmsə, görün İbrahim müəllim, Svetlana xanım və İsmayıl müəllim yaşasaydılar, necə böyük nailiyyətlər qazanardılar.

Əslən Qərbi Azərbaycandan olan, 1928-ci ildə dünyaya gəlmiş İbrahim İsmayıl oğlu İbrahimov 1952-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdi. (Taleyin işinə bax ki, İbrahim müəllimin həyat yoldaşı da elə həmin günlərdə avtomobil qəzasında həlak olmuşdu...)

Onun elmi əsərləri keçmiş SSRİ miqyasında şöhrət qazanmışdı. Professor İ.İbrahimov 140-dan artıq elmi əsərin, 50 ixtiranın müəllifi, tanınmış kimyaçı olmaqla həyatını həsr etdiyi elmin imkanlarından daha geniş istifadə etməyə çalışırdı. Onun son illərdə ürək-damar xəstəliklərinin müalicəsi üçün kimyəvi sintez yolu ilə aldığı nikomorfalin preparatı keçmiş SSRİ-nin Səhiyyə Nazirliyinin Farmakologiya İnstitutunda uğurla sınaqdan keçmişdi və bir çox ölkələrdə dərman preparatı kimi tətbiq edilirdi.

1939-cu ildə Naxçıvanda anadan olmuş Svetlana Həmid qızı Məmmədova Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyasını) bitirmiş, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Tədqiqatları yüksək molekullu birləşmələr kimyası ilə bağlı olan alim 130-dan artıq elmi əsərin, 40-dan çox ixtiranın müəllifi idi.

Professor Svetlana Məmmədova yüksək molekullu birləşmələr sahəsində doktorluq disser­tasiyası müdafiə edən ilk Azərbaycan qadınıdır. O, həmçinin qalay tərkibli polimerlərin tədqiqi sahəsində də mühüm nəticələrə nail olmuşdu ki, bu da böyük təcrübi və nəzəri əhəmiyyətə malikdir.

13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuş İsmayıl Həsən oğlu Mursaqulov Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdi. 1967-ci ildə namizədlik, 1985-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdi. Sumqayıt Polimer Materialları İnstitutunun ən yüksək elmi potensiala malik perspektivli şöbə müdirlərindən idi.

Üzvi kimya sahəsində apardığı gərgin axtarışlar və nailiyyətlər onu elm aləmində sayılıb-seçilən, görkəmli alim kimi tanıtmışdı. 130-dan artıq elmi əsərin, 15 ixtiranın müəllifi olan professor İ.Mursaqulov stereokimya sahəsində ölkədə yeganə alim idi.

Əslində bu müdhiş cinayət Sovet ordusunun daha bir fövqəladə cinayəti kimi ayrıca baxılmalı, qiymətləndirilməlidir. Amma bu cinayətə 20 yanvar faciəsinin “adi davamı” kimi yanaşıldı. Amma Sovet tankı kimya sahəsində tanınmış alimlər, elmlər doktorları olan 5 nəfər Azərbaycan aliminin yol getdiyi maşını qəsdən vuraraq, dağıdıb, məhv etmişdi… Və biz hamılıqla susduq. Onların qanının yerdə qalması ilə sakitcə razılaşdıq.

Və yalnız Bakı-Quba yolunun 24-cü kilometrliyində üzərində "1990-cı ilin yanvar ayının 24-də burada Azərbaycanın görkəmli alimləri İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetiriliblər" sözləri həkk edilmiş mərmər postamentin qoyulması ilə kifayətləndik. Yalnız bununla...

Açar sözlər:

Oxunub: 3168


Oxşar xəbərlər