Əbülfəs Qarayev baş nazirin müavinini qəbul edib


16:42     29 Sentyabr 2015 ebulfez.JPG

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Serbiya respublikası baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, gələcək əlaqələrin qurulmasından bəhs olunub, iki ölkənin turizm şirkətləri və media nümayəndələri üçün qarşılıqlı infoturların təşkil olunması, Serbiya tərəfindən Azərbaycan vətəndaşları üçün vizanın ləğv edilməsi məsələsinə toxunulub.

Nazir bu istiqamətdə nəticələrin əldə edilməsi üçün Azərbaycanda hər il keçirilən AİTF beynəlxalq turizm sərgisi haqqında məlumat verib, qarşı tərəfin iştirakının müsbət nəticələrə səbəb olacağını qeyd edib.

Serbiyalı nazir sərgidə Serbiyanın Çernoqoriya ilə birlikdə iştirakının mümkünlüyünü vurğulayıb. Nazir ölkəsində fevral ayında keçiriləcək beynəlxalq turizm sərgisində Azərbaycan tərəfinin təmsil olunmasını qeyd edib.

Sonda iki ölkə arasında sərgilər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanması və illik fəaliyyət planlarının tərtib olunmasına dair razılıq əldə olunub.

Açar sözlər:

Oxunub: 1053