DGK seminarlara başladı


19:06     11 İyun 2018 2018/06/img-1-1528713892_1528715306.jpg

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "X-ray aparatlarının təsvirlərinin oxunması" mövzusunda milli seminar başlayıb.


Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, seminarda DGK-nın bütün gömrük-keçid məntəqələrinin mütəxəssisləri iştirak edir.

Seminarın açılış mərasimində DGK sədrinin müavini Əsgər Abdullayev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev bütün dövlət təsisatları kimi, gömrük xidmətinin də formalaşması istiqamətində mühüm addımlar atıb və Azərbaycan gömrüyünü ölkənin müstəqilliyinin əsas atributlarından birinə çevirib.

Bu gün prezident İlham Əliyevin reallaşdırdığı mütərəqqi islahatların Azərbaycan gömrüyünün daha dinamik şəkildə inkişaf etməsinə şərait yaratdığını qeyd edən komitə sədrinin müavini, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə müasir texnologiyalardan və tətbiqlərdən geniş şəkildə istifadə olunduğunu diqqətə çatdırıb.

Artıq Azərbaycanın 9 gömrük-keçid məntəqəsində avtomobillərin, 2 dəmiryol-keçid məntəqəsində isə qatarların gömrük nəzarətinin dünyada ən müasir avadanlıq hesab edilən "Smith Detection" vasitəsilə həyata keçirildiyini bildirən Ə. Abdullayev, seminarın bu avadanlıqlardan daha səmərəli şəkildə istifadə olunacağına şərait yaradacağını deyib.

Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdiri Pyotr Afonin skanlaşdırma avadanlıqlarının ticarətin sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi, risklərin azaldılması istiqamətindəki əhəmiyyətindən danışıb və seminarın bu sahədə Azərbaycan gömrükçülərinə yeni bilik və bacarıqlar qazandıracağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 4 gün davam edəcək seminarda Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdirləri Pyotr Afonin və Valeriy Zubov yoxlama-baxış sistemlərinin tarixi, təsnifatı, bu sistemlərin mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətində tətbiqi, yoxlama-baxış sistemləri vasitəsilə əldə edilən rentgen təsvirlərinin əyani analizi və digər mövzularda iştirakçılara məlumat verəcəklər.

Femida.az

Açar sözlər: #DGK   #seminar  

Oxunub: 1668