“Hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişirlər”


17:12     29 Sentyabr 2015 fd89b3c83ecda94a8e60d20672fd5991.jpg

Amerika prezidenti Barack Obama-nın BMT Baş Assambleyasındakı çıxışı bir neçə dəfə alqışlarla müşayiət olunub. Belə alqışlardan biri də onun reqlamenti üç dəfə aşan çıxışının sonunda səslənib.


O deyib ki, demokratiyanın müxtəlif ölkələrdə, xalqların təkrarsız mədəniyyətlərinə, tarix və təcrübələrinə uyğun olaraq müxtəlif formalar ala biləcəyini başa düşür, lakin mütləq olan bir neçə ümumi həqiqətlər vardır.

“Heç bir qadın cəzasız olaraq təcavüzə məruz qalmamalıdır və yaxud heç bir qıza məktəbə getmək qadağan edilə bilməz. Hakimiyyətləri qondarma qanunlardan qorxmadan dinc şəkildə tənqid etmək hüququ yalnız hansısa bir ölkənin, bir mədəniyyətin işi deyil. Bunlar insan tərəqqisinin təməlləridir” – deyə Obama bildirib.

ABŞ prezidenti çıxışında deyib ki, öz xalqından qorxan rejimlər, əvvəl-axır çökür:

“Mən bilirəm ki, dünyanın bir çox yerlərində müxtəlif baxışlar və belə bir inam var ki, güclü liderlik fərqli düşüncəyə barışmaz olmalıdır. Mən bunu təkcə Amerikanın rəqiblərindən deyil, şəxsi söhbətlərdə bizim bəzi dostlarımızdan da eşidirəm. Mən bununla razılaşmıram. Mən inanıram ki, dinc fərqli düşüncənin əzilməsi gücü yox, zəifliyi və qorxunu göstərir. Tarix göstərir ki, öz xalqlarından qorxan rejimlər, əvvəl-axır çökürlər”

O vurğulayıb ki, yaxşı qurulmuş və razılaşdırılmış təsisatlar fərdlər gedəndən sonra da qalır.

O liderlər ki, konstitusiya dəyişirlər...

Güclü liderlər kimi George Washington və Nelson Mandela-nı misal gətirən ABŞ lideri deyib ki, bu adamlar güclü demokratik təsisatların qurulmasını daimi hakimiyyət hərisliyindən üstün tutublar.

“O liderlər ki, hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişirlər, əslində etiraf edirlər ki, öz xalqları üçün uğurlu bir ölkə qurmaqda iflasa uğrayıblar. Çünki bizim heç birimiz əbədi deyilik”.

Obama deyib ki, demokratiyanın üzücü, bəzən pozucu olduğunu başa düşür, “lakin hüquqların artırılması uğrunda daimi mübarizə, insanlarımıza daha böyük səs meydanı verilməsi – bizim dünyanın ən güclü ölkəsinə çevrilməyimizə imkan verib”.

Prezident Obama deyib ki, demokratiya təkcə prinsip, mücərrəd bir anlayış deyildir. Demokratiya ölkələri güclü edir.

Saxta peyğəmbərlərin süqutu

Barack Obama deyib ki, vətəndaş cəmiyyətləri inkişaf edəndə hökumətin təklikdə həll edə bilmədiyi problemlər həll oluna bilər.

“Mənim inancım budur ki, Amerikanı bu güclü edib. Hətta Amerikada heç də hamı mənimlə razılaşmır. Bu demokratiyanın təzahürüdür” – deyib prezident.

Prezident bildirib ki, Birləşmiş Millətlər deyildiyi qədər də fərqli deyillər – onlar qorxa, nifrət edə bilərlər, lakin həm də ümid bəsləyə bilərlər.

“Tarix gücün həqiqət olduğuna və bunun həmişə belə qalacağına inanan saxta peyğəmbərlərin və çökmüş imperiyaların iflası ilə doludur”

Açar sözlər:

Oxunub: 985


Oxşar xəbərlər