Səlahiyyətləri alınan vəkil: Görünür, fəaliyyətim kiməsə sərf etmir

Səlahiyyətləri alınan vəkil: "Görünür, fəaliyyətim kiməsə sərf etmir"

09:59     14 İyun 2018 2018/06/irade_1528956128.jpg


Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti iclas keçirib, tanınmış vəkil İradə Cavadovanın vəkillik səlahiyyətlərinı dayandırıb. Rəyasət Heyəti İradə Cavadovanın Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də qərar qəbul edib.

İradə Cavadova hesab edir ki, onun vəkillik səlahiyyətlərinin dayandırılması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı sözügedən qurumun intizam komissiyasının qərəzli rəyinə əsaslanıb. O, cəzalandırılmasının əsassız olmasına dair sübutları məhkəməyə təqdim etmək niyyətindədir. Bu barədə İ.Cavadova “Turan” agentliyinə müsahibəsində deyib.

Xatırladaq ki, ötən gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti İ.Cavadovanın vəkillik fəaliyyətinə xitam verildiyini bildirib və məhkəməyə müvafiq müraciət göndərib. Bununla bağlı yayılan məlumatda deyilir ki, buna hansısa vətəndaşın şikayəti səbəb olub. Vətəndaşın adı açıqlanmır. “Şikayətçi K.M. bildirib ki, vəkil İradə Cavadova şikayətçinin ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda vəkil şikayətçinin razılığı olmadan onun Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər etdiyini və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yaydığını göstərib. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib və Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadovanın barəsində tədbir görülsün” - Rəyasət Heyətinin məlumatında deyilir.

İ.Cavadova vətəndaş K.M-in müdafiəsi ilə bağlı müqaviləsinin olmaması barədə fikirləri təkzib edib. Onun sözlərinə görə, belə müqavilə olub. 2018-ci ilin aprelində K.M. tutulub və 2 gün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. İ.Cavadova açıq məktubla daxili işlər naziri Ramil Usubova müraciət etdikdən sonra azad edilib. Lakin bir müddət sonra K.M. öz vəkilindən şikayət edib. İ.Cavadova qeyd edib ki, K.M-i qanuni şəkildə müdafiə etməsinə və qanun çərçivəsində hərəkət etməsinə dair çoxsaylı sübutlar var. “Müqavilə ilə yanaşı digər sübutlar da var”, vəkil qeyd edib. Bundan əlavə, K.M. saxlandıqdan sonra onun anası vəkilə müraciət edib. İ.Cavadova K.M. ilə müqaviləsini Vəkillər Kollegiyasına təqdim edib, ancaq həmkarları müştərinin imzasının həqiqiliyini şübhə altına alıblar. İ.Cavadova intizam komissiyasının rəyini qərəzli və yanlış hesab edir. İyunun 12-də İ.Cavadova Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri ilə görüşüb və əlavə sübutları təqdim edib. Ona bildirilib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediləcək və o, öz hüquqlarını müdafiə edə bilər.

İ.Cavadova əlindəki işlərin sona çatdırılmasına imkan verilməsini xahiş edib, ancaq hələlik cavab almayıb. “Görünür, mənim fəaliyyətim kiməsə sərf etmir”, - vəkil qeyd edib. O deyib ki, Vəkillər Kollegiyasının üzvü olduğu 13 il ərzində heç vaxt cəza almayıb və onun səlahiyyətlərinin dayandırılması qərəzli və əsassız qərardır.

İradə Cavadova Azərbaycanda tanınan xanım vəkillərindəndir. Anar Bağırov Vəkillər Kollegiyasının rəhbərliyinə gətirilənə qədər o, Rəyasət Heyətinin tərkibində olub. VK rəhbərliyi dəyişdiriləndən sonra isə İradə Cavadova yeni formalaşan Rəyasət Heyətinə daxil edilmədi. İradə Cavadova yeni tərkibə düşməməsi haqda demişdi ki, o, Rəyasət Heyətinin hər 5 ildən bir yenilənməsinə tərəfdardır:

“Rəyasət Heyətinə yenidən seçilmək niyyətim yox idi. 2012-ci ildə Rəyasət Heyəti üzvlüyünə namizədliyimi özüm irəli sürmüşdüm və seçilmişdim. Burada ömrü boyu qalmaq olmaz. Digər tərəfdən, mənə artıq məlum idi ki, Rəyasət Heyətinə yenidən seçilməyimi istəmirlər. Amma mən Rəyasət Heyəti üzvlüyünə başqa bir şəxsin namizədliyini irəli sürmək istəyirdim. Yəqin ki, konfrans iştirakçıları arasında mənim namizədliyimi irəli sürmək istəyənlər də vardı. Lakin nə mənə, nə də onlara imkan verildi. Rəyasət Heyətinə seçim proseduru başlanan kimi əlimizi qaldırdıq, namizədliyimizi irəli sürmək istədik. Buna şərait yaradılmadı. Düşünürəm ki, səbəb mənim və konfransa qatılan müəyyən vəkillərin fərqli mövqeli şəxslər olmasıdır. Əslində bizə söz verilməyəcəyini gözləyirdim. Amma yenə də konfransın gedişindən məyus oldum”.

İradə Cavadova iddia etmişdi ki, o, Rəyasət Heyətinin əvvəlki tərkibində fərqli mövqe sərgiləyən faktiki yeganə şəxs olub:

“Vəkil həmkarlarım yaxşı bilirlər ki, həmişə ədalətli və müstəqil mövqedən çıxış etmişəm, heç vaxt kiminsə tapşırığını yerinə yetirməmişəm. Vəkillər Kollegiyasında məsələsi müzakirə edilən hansısa vəkili günahsız saymışamsa, onun ziyanına qərar çıxarılmasının əleyhinə olmuşam. Rəyasət Heyətinin son iclasında məsələsi müzakirə olunan vəkillərdən biri ilə bağlı ciddi qalmaqal yaşandı. Ona görə deyə bilərəm ki, 7 dekabr 2017-ci il konfransında Rəyasət Heyəti üzvlüyünə namizədliyim irəli sürülsə də, seçilməyimə imkan verilməyəcəkdi. Ancaq bir daha vurğulayıram: mənim yenidən seçilmək məqsədim yox idi. Beş il Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşam və alnıaçıq, üzüağ deyə bilərəm ki, bu müddətdə iştirak etdiyim iclasların heç birində ədalətsiz qərarı dəstəkləməmişəm”./musavat.com

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #İradə_Cavadova   #hüquqşünas   #kollegiya  

Oxunub: 8285