Sənədsiz evlərə necə çıxarış almalı? - Hüquqi yardım

Sənədsiz evlərə necə çıxarış almalı? - Hüquqi yardım

10:45     14 İyun 2018 2018/06/senedlesme_1528958661.jpeg


Redaksiyamıza hüquqi problem yaşayan daha bir vətəndaş müraciət edib. Elvin Babayev adlı gəncin müraciəti əmlak mövzusunda olub. Vətəndaş başqa bir şəxsdən Binəqədi rayonunda 3 sot torpaq sahəsi aldığını, burada özü üçün fərdi yaşayış evi tikdiyini bildirib. Onun problemi tikilən evə çıxarış ala bilməməsidir. Vətəndaş çıxarış almaq üçün müvafiq dövlət qurumlarına müraciət etsə də, torpağın bələdiyyə sərəncamı ilə ayrıldığını əsas gətirərək ona rədd cavabı veriblər.

Saytımıza müraciət edərək hüquqi yardım istəyən vətəndaşın timsalında getdikcə kütləviləşən problemi qabartmaq qərarına gəldik. Çünki bu gün Bakı ətrafı qəsəbələrdə minlərlə belə evlər var. Bəs bu cür - sənədləri qaydasında olmayan, yaxud bələdiyyə torpaqlarında tikilən evləri necə sənədləşdirmək olar? Vətəndaşın konkret olaraq ünvanladığı 3 suala əmlak məsələləri üzrə ixtisaslaşmış vəkil vasitəsilə aydınlıq gətirdik.

Əvvəlcə vətəndaşı maraqlandıran sualları təqdim edirik:

1. Bələdiyyələr hesabından fərdi evlərin tikintisi üçün ayrılan torpaqlara sənəd hansı halda verilir?
2. Torpaqlara çıxarış verilməsi üçün tələb olunan alqı-satqı aktı və xəritə-plan vətəndaşlara verilməyib. Hal-hazırda da bələdiyyələrin həmin sənədi vermək hüququ yoxdur. Bunun üçün torpaq sahibləri nə etməlidir?
3. Bu torpaqlarda tikilən evlərə çıxarış almaq mümkün deyil. Çünki əsas sənədlərdən biri- torpağın çıxarışı yoxdur. Bunun həlli yolu nədir?




Vəkil Ziya Bağırov açıqlamasında bildirdi ki, belə mübahisəli məsələlər vətəndaşın təkbaşına həll edə biləcəyi məsələ deyil. Peşəkar hüquqi yardım olmalıdır:

Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, vətəndaş torpağı hansı qaydada əldə edib. Əgər həqiqətəndə bələdiyə torpağıdırsa və bələdiyyə tərəfindən onun istifadəsi üçün ayrılmışsa, bu halda mütləq bələdiyyənin qərarı və ya sərəncamı olmalıdır. Bu sənəd varsa, onun kötüyü arxivdə olur. Birinci növbədə həmin sənədin təsdiq edilmiş surətini əldə etmək lazımdır. Yaxud bələdiyyə torpağını şəxsdən alıbsa, hansı formada aldığını müəyyən etmək lazımdır. Çünki bəzən vətəndaşlar etibarnamə ilə torpaq almağı alqı-satqı kimi başa düşür.

Amma vətəndaşlar arasında alqı-satqı müqaviləsi bağlanıbsa, onda böyük ehtimalla həmin sahəyə çıxarış alınmasında problem yaradan hal tikintidir”.



Z. Bağırov bələdiyyə sərəncamı ilə alınan torpaqları və bu torpaqlarda tikilən evləri sənədləşdirmək üçün aparılan ardıcıl prosesi belə şərh edib:

“Vətəndaşın əlində bələdiyyə tərəfindən torpaq ayrılması haqqında sərəncam və torpağın eskizi varsa, birinci növbədə tikintiyə dair rəy alınmalıdır. Memarlıq şöbəsindən rəy almaq bir qədər çətin işdir.
Prosesi ardıcıllıqla sadalasaq, ilk növbədə tikintinin eskizi çəkilməli və memarlıq şöbəsinə müraciət olunmalıdır. Memarlıq şöbəsinin rəyi alındıqdan sonra bələdiyyənin qərarı, torpağın eskizi və memarlıq şöbəsinin rəyi ilə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etmək lazımdır.

Təbii ki, əmlak ilkin olaraq torpaq bələdiyyə tərəfindən kimin adına ayrılıbsa, həmin şəxsin adına rəsmiləşdiriləcək. Bundan sonra tərəflər ilkin alqı-satqı müqaviləsi əsasında əsas alqı-satqı müqaviləsi bağlamalı və torpaq ayırma sənədi tərtib etməlidirlər. Bu əməliyyatdan sonra tərəflər yenidən DƏDRX müraciət edib yeni Çıxarış əldə etməlidirlər.

Qeyd etdiyim mərhələlərin hər hansı birində inzibati orqan müvafiq hərəkəti etməkdən çəkinərsə və imtina edərsə, bu halda vətəndaş məhkəməyə müraciət etməli və hüquqi yolla özünə məxsus olan əmlakn sənədlərini almalıdır”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #hüquqşünas   #femida   #qanun   #məcəllə   #torpaq   #əmlak   #mənzil   #ev   #məhkəmə  

Oxunub: 12085