Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edəcək


19:16     14 İyun 2018 2018/06/CANSO-2020_1528975233.jpg


Bakı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının “Global ATM Summit” ümumdünya sammitinə ev sahibliyi edəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib.

“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.

Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək.

CANSO ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #AZAL   #Bakı   #Azərbaycan   #sammit  

Oxunub: 2337