Ramil Usubov İsraildə səfərdə olub


20:35     20 İyun 2018 ramil.jpg

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdə olub.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az verilən məlumata görə, iki gün davam edən səfər çərçivəsində Ramil Usubov və onu müşayiət edən şəxslər Təl-Əviv şəhərindəki İsrail Antiterror Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra bu ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki sənaye müəssisələrində olublar.


Daha sonra daxili təhlükəsizlik naziri Gilad Erdan və müdafiə naziri Aviqdor Liberman Azərbaycan nümayəndə heyətini qəbul ediblər. Görüş zamanı regional təhlükəsizlik, beynəlxalq terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri ətraflı müzakirə edilib, iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığa dair beynəlxalq hüquqi sənədlərin qəbul olunmasının zəruriliyi qeyd olunub, hazırda “Azərbaycan Respublikasının və İsrail Dövlətinin hökumətləri arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyi vurğulanıb. Xalqlarımızın və ikitərəfli əməkdaşlığın tarixi və perspektivləri barədə xoş sözlərinə görə cənab R.Usubova təşəkkürlərini bildirən G.Erdan və A.Liberman bir neçə gün əvvəl Azərbaycanda qeyd olunmuş Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə nümayəndə heyətimizi təbrik ediblər. Onlar son illər ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq nüfuzunun artmasından, eyni zamanda, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasından, azərbaycanlılarla bərabər əcnəbilərin, o cümlədən İsrail vətəndaşlarının da təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərindən məmnunluqlarını ifadə ediblər, bu səfərin iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.


Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Açar sözlər:

Oxunub: 1051