Alışanovu öldürməyə cəhddə edənlər məhkəmə tərkibinə etiraz edib


22:41     20 İyun 2018 2018/02/alisanov_1518513189.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Femida.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş. Əkbərovun vəkili vəsatət qaldıraraq zərərçəkmiş şəxs kimi Arif Alışanovun məhkəmədə dindirilməsi və bəzi şəxslərin əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib.

Vəkil, A. Alışanov məhkəmədə ifadə verənə qədər prosesin təxirə salınmasını istəyib.

Zərərçəkmiş A. Alışanovun vəkili isə hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmədə dindirilməsinə zərurət olmadığını deyib. Onun sözlərinə görə, A. Alışanov istintaqa bu barədə geniş ifadə verib.

Məhkəmə verilən vəsatəti baxılmamış saxlayıb.

Sonra təqsirləndirilən şəxs Ş. Əkbərov vəsatətlə çıxış edərək, məhkəmə tərkibinə etiraz edib.

Məhkəmə verilən vəsatəti əsaslı saymayaraq baxılmamış saxlayıb.

Proses iyunun 29-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1005