17 yaşlı Dövlət Komitəsi


13:21     21 İyun 2018 2018/06/diniqurumlar_221_1529558541.jpg

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür.


Bu gün Azərbaycan xarici aləmə açıq cəmiyyətdir. Müstəqil ölkəmizdə Azərbaycan üçün xas olmayan dini əqidələr, qeyri-ənənəvi dini cərəyanlardan törəmiş sektalar cəmiyyətə tez bir zamanda nüfuz edir, müxtəlif yollarla insanların şüuruna və qəlbinə yol tapır. Bu cür ziddiyyətli vəziyyətin ortaya çıxması bu sahədə fəaliyyət göstərən icra hakimiyyəti orqanının yaradılmasının şərtləndirirdi. Belə bir qurumun yaradılması isə 2001-ci ilin 21 iyun tarixinə təsadüf etdi.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılır.

Dövlət Komitəsi yaradıldığı gündən dini etiqad azadlığının həyata keçirilməsi, dini maarifləndirmə, tolerantlığın və multikultural dəyərlərin qorunması istiqamətində ciddi işlər görüb.

Tolerantlıq və multikultural ənənələrin təşviqi...

Komitənin fəaliyyət istiqamətlərindən biri də tolerantlıq və multikultural ənənələrin təşviqi ilə bağlıdır. Tolerantlıq Azərbaycanın dünyaya təqdim edilən bəşəri sərvətidir. Daha dəqiq desək, Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir. Ölkəmizdə tolerantlıq mühitinin formalaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xüsusi rola sahibdir. Bu vaxta qədər dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinin təmin olunması üçün müxtəlif tədbirlər təşkil edilib. "Tolerantlıq: Milli kimlik vəhdəti" mövzusunda dəyirmi masa və “Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” mövzusunda ötən il Bakıda və bölgələrdə keçirilən seminar-treniqlər bu qəbildən olan tədbirlərdir. Bundan başqa il ərzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasınım 92-ci ildönümü münasibətilə “Heydər Əliyev siyasəti: Tolerantlıq”, “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”, Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun müəllifi olduğu “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” adlı kitablar nəşr olunub və ictimaiyyətə təqdim olunub.



Dini Maarifçilik işi...

Bu vaxta qədər görülən dini maarifləndirmə istiqamətindəki işlər müxtəlif sahələri əhatə edib. Respublikanın bölgələrindəki ali və orta təhsil müəssisələrində, müxtəlif qoşun birləşmələrində, dini icmalarda maarifləndirmə işi çox uğurla aparılıb. Təkcə 2015-ci ildə Azərbaycanın bölgələrində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 19 regional konfrans keçirilib. Bu konfransların keçirilməsində məqsəd dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.

Dini icmaların fəaliyyətinə dəstək...

Dini icmaların fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2014-cü il tarixli sərəncamına əsasən, 19-u qeyri-islam, 68-i isə İslam dini icması olmaqla 2015-ci il ərzində 87 dini icmaya maliyyə yardımı edilib. Ayrılmış maliyyə vəsaiti hesabına Respublikanın bölgələrində dini maarifləndirmə, milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində müxtəlif tədbirlər keçirilib. Həmçinin ayrılmış maliyyə vəsaiti hesabına dini icmalar tərəfindən Ramazan ayında iftar süfrələri təşkil olunub, Qurban bayramında şəhid ailələri və müharibə əlilləri ilə görüşlər keçirilib, imkansız ailələrə ərzaq yardımı edilib.

QHT-lərlə birgə layihələr...

Ölkəmizdə din sahəsində həyata keçirilən siyasəti cəmiyyətə daha geniş formada çatdırmaq üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq mühüm əhəmiyyətə sahibdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” çərçivəsində bu vaxta qədər xeyli sayda konfrans, tədbir, seminarlar təşkil edib. Bu tədbirlər həm Bakı şəhərində, həm də regionlarımızda həyata keçirilib.



Hüquq-Mühafizə orqanları ilə birgə iş...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsində də qeyd olunduğu kimi, komitə öz vəzifələrini yerinə yetirərkən digər icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə olur. Təkcə ötən il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə hazırladığı Tədbirlər Planına əsasən 15 cəzaçkmə müəssisəsində “Dövlət və din münasibətləri”, “Islamda tövbə”, “İslam əxlaqı”, “Cəmiyyətdə dini dəyərlərin rolu” mövzularında treninqlər keçirilib. Dini radikalizmin mahiyyəti, səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin təşkili mövzularında Daxili Qoşunların zabit heyəti, həmçinin, DİN-in Bakı şəhərinin müxtəlif rayonlarındakı Polis İdarələrində rəhbərlik və şəxsi heyət ilə dəfələrlə görüş keçirilib.

Ramazan və Məhərrəmliklə bağlı tədbirlər..

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarl İş üzrə Dövlət Komitəsinə 2.5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilib. Respublikanın bütün bölgələrində təşkil edilən iftar süfrələrində Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından bəhs edilib. Məhərrəm ayı ərzində də maarifçilik işləri, monitorinqlər aparılıb, sosial yönümlü tədbirlər baş tutub.

Bölgələrdə vətəndaşların qəbulu...



Azərbaycan Respublikası Prezidenti Administrasiyasında təsdiq edilmiş regionlarda vətəndaşların qəbulu günləri qrafikinə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hər il olduğu kimi 2015-ci il ərzində də 12 mərkəzi şəhərdə - Xırdalan, Göyçay, Siyəzən, İsmayıllı, Ağcabədi, Tovuz, Yardımlı, Daşkəsən, Astara, Zərdab, Qusar və Saatlıda sakinləri qəbul edib. Qəbulun keçiriləcəyi ilə bağlı region sakinləri əvvəlcədən KİV-lər, internet və sosial şəbəkələr vasitəsilə məlumatlandırılıb. Ümumilikdə qəbulda 39 şəhər və rayondan olan 230 vətəndaş iştirak edib. Dövlət Komitəsinin sədrinə dini icmaların qeydiyyatı və yenidən qeydiyyatı, dini icmalara maddi yardım edilməsi, münasib işlə təmin olunmaq, dini maarifləndirmə və digər məsələlərlə bağlı müraciət daxil olub. Qeyd edilən məsələlərin bəziləri yerindəcə həll edilib, həlli yerində mümkün olmayan məsələlər nəzarətə götürülüb və müvafiq işlər aparılması üçün regional şöbələrə tapşırıqlar verilib.

Yaradılmasının 17 illiyi münasibətilə başda sədr Mübariz Qurbanlı olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini bütün kollektivini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2037