Oqtay Əsədov Çində səfərdə olub


19:06     21 İyun 2018 2018/06/kemer_1529579342.jpg

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər edib.


Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, deputatlar Əliağa Hüseynov, Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

İyunun 20-də nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbinə gedib. Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, burada partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı roluna dair eksponatlar saxlanılır. Partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən iqtidar partiyaları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçıları İlham Əliyevin və Si Tszinpinin siyasi iradəsi ilə ikitərəfli əlaqələr qarşılıqlı faydalı şəkildə inkişaf edir.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış olub. 1420-1912-ci illərdə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərmiş bu tarixi abidə dünyada ən böyük saray kompleksi sayılır. Ənənəvi Çin memarlığı üslubunda inşa olunan, 990-a yaxın tikilidən ibarət olan saray kompleksi UNESCO-nun Bəşəriyyətin Maddi İrs Siyahısına daxil edilib.

Azərbaycan parlamentinin nümayəndə heyəti İmperator sarayını gəzib, kompleksin müxtəlif hissələri ilə tanış olub.

Həmin gün Milli Məclis Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb. Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin olduğunu bildirən Li Canşu qədim İpək Yolunun hər iki xalqı sıx tellərlə bir-birinə bağladığını deyib. O, ölkələr arasında əlaqələrin hazırda yüksək səviyyədə olduğunu bildirərək, bu münasibətlərin xalqlarımızın maraqlarına söykənərək qarşılıqlı faydalı şəkildə genişləndiyini söyləyib. İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı dövlət başçılarının ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiklərini məmnunluqla xatırladıb. Li Canşu bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanmasını yada salaraq, bu qələbənin Azərbaycan xalqının ona olan böyük etimadının göstəricisi olduğunu deyib. O əminliklə bildirib ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıran Li Canşu ölkəsinin Azərbaycanın inkişafına sevindiyini və bu inkişafı dəstəklədiyini vurğulayıb. O, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Çinə rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Azərbaycanın Çin ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Oqtay Əsədov prezident İlham Əliyevin ölkələrimizi xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirməsi ilə bağlı fikrini yada salaraq, hazırda əlaqələrimizin müxtəlif sahələrdə yüksək inkişaf dinamikası ilə seçildiyini söyləyib. İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlər zamanı əldə edilmiş razılaşmaların müstəsna əhəmiyyət kəsb etdiyini bildirən sədr dövlət başçıları İlham Əliyev və Si Tszinpin arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal siyasi dialoqun əsasını təşkil etdiyini deyib. Bu siyasi dialoq, öz növbəsində, iki ölkə arasında iqtisadi, hərbi, nəqliyyat, turizm, humanitar və başqa sahələrdə əlaqələrin genişlənməsində mühüm rol oynayır. O. Əsədov dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin böyük rolundan bəhs edərək, Azərbaycan nümayəndə heyətinin Çinə hazırkı səfərinin qanunverici orqanlar arasında əməkdaşlığın genişlənməsinə də töhfə verəcəyinə əminliyini bildirib. O, Çinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətini yüksək qiymətləndirərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələrə Çinin verdiyi dəstəyi xatırladıb.

Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladan O. Əsədov bunun ölkələri və xalqları bir-birinə yaxınlaşdıran, əməkdaşlığı təşviq etməklə dövlətlərin iqtisadi inkişafına təkan verən bir strategiya olduğunu deyib. O, Azərbaycanın sahib olduğu tranzit-logistika imkanlarının “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına əməli töhfələr verdiyini diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 574