Sığorta şəhadətnaməsi itdikdə bunları edin - Hüquqi maarifləndirmə

Sığorta şəhadətnaməsi itdikdə bunları edin - Hüquqi maarifləndirmə


20:00     21 İyun 2018 18_06_21_1529582069.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Sosial sığorta şəhadətnaməsi itdikdə, zədələndikdə, yaxud dəyişmə zərurəti yarandıqda vətəndaş yenisini almaq üçün nə etməlidir? Rüsum nə qədərdir? Hansı sənədlər tələb olunur?

Bu xidmət Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Müraciət 2 formada mümkündür:

- Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmət ödənişsizdir və 2 həftə ərzində vətəndaşa verilməlidir.

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciət edən şəxs sığortaolunan kimi DSMF-nin fərdi uçot sistemində xidmətdən imtina edilir.

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün əmək fəaliyyəti olan sığortaolunan sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunan isə şəxsən müraciət edir. Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsinə dair müraciət sığortaolunanın soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer dəyişdikdə, sosial sığorta şəhadətnaməsində yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, sosial sığorta şəhadətnaməsi yararsız hala düşdükdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda qəbul edilir.



Dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi halda:

- əmək fəaliyyəti olan sığortaolunan, dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə, dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanına bir ay müddətində müraciət etməlidir;

- əmək fəaliyyəti olmayan sığortaolunanlar, eləcə də özü-özünü sığortaedən şəxslər dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə ilk dəfə fərdi uçot sistemində qeydiyyata durduğu fərdi uçotu həyata keçirən orqana bir ay müddətində şəxsən müraciət etməlidirlər;

- dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı müraciət olunduğu gündən bir ay müddətində əmək fəaliyyəti olan sığortaolunana onun sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunana, eləcə də özüzünü sığortaedən şəxslərə isə şəxsən verilir. Bu zaman DSMF-nin müvafiq orqanı şəxsin adı, atasının adı, soyadı, doğulduğu il, ay, gün, doğulduğu yer, cinsi, daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı və vətəndaşlığını dəqiqləşdirmək üçün şəxsiyyəti təsdiq edən sənədi tələb etmək hüququna malikdir.

Təqdim edilmiş ərizə formaları yoxlandıqdan sonra 1 ay ərzində dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı hazırlanır və rəsmiləşdirilir.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #vəkil   #hüquqşünas   #sığorta   #qanun   #məcəllə   #femida   #DSMF   #sosial  

Oxunub: 7235