Pakistanın Baş naziri: Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq

Pakistanın Baş naziri: "Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq"

22:43     22 İyun 2018 18_06_22_1529669824.jpg

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş naziri Nasirul Mulk ilə görüşüb.



Səfirlikdən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikası rəhbərliyinin salamlarını çatdıran səfir, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu bildirib.

Ə.Əlizadə mövcud olan səmərəli əlaqələrin hazırkı vəziyyəti, həyata keçirilən yüksək səviyyəli səfərlər, imzalanan sənədlər, viza rejiminin sadələşdirilməsi, turizm əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlər haqqında məlumat verib, Azərbaycanın Pakistanla iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji və digər sahələrdə əməkdaşlığın daha da artırılmasına maraqlı olduğunu vurğulayıb.

Səfir Pakistanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinin və Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistan İslam Respublikasının Baş naziri Nasirul Mulk Pakistan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət, inam və səmiyyət üzərində qurulduğunu bildirib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Pakistana səfərinin əlaqələrin daha da inkişafına təkan verdiyini bildirən Baş Nazir Nasirul Mulk, salamlarının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. Pakistanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyinin bəlli olduğunu, Pakistanın həmişə Azərbaycanın yanında olduğunu qeyd edən Baş nazir, Azərbaycanın da Pakistana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycanın təşəbbüsu ilə ötən il yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini bildirən Baş nazir bu formatda xarici işlər nazirlərin 2-ci görüşünün İslamabadda təşkil edilməsinə Pakistanın hazır olduğunu qeyd edib.

Açar sözlər:

Oxunub: 206