Rusiya hərbi gəmisi Bakıya gəldi


16:53     30 Sentyabr 2015 12200_311_Almaz_120629_001.JPG

Rusiyanın “Briliant” sərhəd gözətçi gəmisi Azərbaycana dostluq səfəri edib.


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, Azərbaycan və Rusiya sərhəd xidmətlərinin rəhbərləri arasında 2013-cü ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2014-2015-ci illər üçün tədbirlər Planı”na uyğun olaraq müvafiq tədbirlərin keçirilməsi uğurla davam etdirilir.

Birgə tədbirlər planına əsasən ötən ilin iyul ayının 21-24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti sərhəd gəmisində Rusiya Federasiyasına dostluq səfəri edib. Əməkdaşlığın davamı olaraq cari ilin 28-30 sentyabr tarixlərində isə Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsi Departamentinin rəis müavini, kontr-admiral Roman Tolokun rəhbərliyi ilə “Briliant” sərhəd gözətçi gəmisi Azərbaycana dostluq səfərinə gəlib.

Səfər çərçivəsində tərəflər arasında görüş keçirilib, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Sentyabrın 28-29-da Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərinin və helikopterlərinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olunmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimi keçirilib. Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, praktiki atışların aparılması kimi elementlər icra edilib.

Keçirilmiş təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, sərhədçilər tərəfindən yüksək döyüş hazırlığı və peşəkarlıq göstərilib, müxtəlif şəraitdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı nümayiş etdirilib.

Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Aparatında və Akademiyasında, “Sərhədçi” İdman Olimpiya Mərkəzində olub, tərəflər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Qonaqlar Bakı şəhərinin mədəni-tarixi abidələri, Dövlət Bayrağı Meydanı və “Qala” arxeoloji-etnoqrafik muzeyi ilə, dənizkənarı milli parkla tanış olublar.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Açar sözlər:

Oxunub: 976