XİN-dən Azərbaycan əleyhinə məqaləyə CAVAB


12:18     26 İyun 2018 XIN.jpg

Nyu-Yorkda yerləşən “Eurasianet.org” portalında 22 iyun tarixində dərc olunan “”Müharibənin kölgəsində: Ermənistanın müdafiə dəhlizində həyat” adlı məqalədə Zəngəzur regionunun tarixi, ermənilər tərəfindən həmin ərazidə törədilən qırğınlar, Njde Qarageninin əməlləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri təhrif olunmuş formada təqdim olunub.

Femida.az-ın məlumatına görə, bununla əlaqədar, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən portalda cavab məqaləsi ilə çıxıb edib.

Məqalədə Hikmət Hacıyev bildirib: “Sizin yazı Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız bir tərəfin mövqeyini əks etdirir və Zəngəzur regionu ilə əlaqədar obyektiv tarixi məlumatı təmin etmir. Təəssüflə qeyd etməliyəm ki, müəlliflər Zəngəzurda köklü Azərbaycan-müsəlman əhaliyə qarşı törədilmiş qırğınların üzərindən sükutla keçirlər. Mən həmçinin, müəlliflərin Njde Qareginin şəxsiyyəti ilə bağlı təsvirləri ilə tamamilə narazıyam”.

XİN rəsmisi Azərbaycanın Dövlət Arxivində Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi Fövqəladə İstintaq Komissiyasının 1918-1920-ci illərdə Njde Qaregin və digərlərinin rəhbərliyi altında erməni hərbi birləşmələrinin Zəngəzurda törətdikləri qırğınlar barədə çoxsaylı sənədlərinin olduğunu yazıb. O həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin mülki azərbaycanlılara qarşı törədilən bu kütləvi qırğınların dayandırılması üçün Qafqazdakı Britaniya hərbi qüvvələrinin rəhbərliyinə demarş göndərdiyini də qeyd edib.

Hikmət Hacıyev AXC Fövqəladə İstintaq Komissiyasının sənədlərinə görə Njde Qareginin əməlləri nəticəsində Zəngəzur regionunda 10.000 nəfərdən artıq mülki azərbaycanlının öldürüldüyünü, 115 Azərbaycan kəndinin isə yerlə-yeksan edildiyini, Zəngəzurla bərabər Göyçə və İrəvan regionlarının Azərbaycan əhalisinin də eyni faciəvi haldan əziyyət çəkdiyini diqqətə çatdırıb.

Kütləvi qırğınlar və etnik təmizləmədən sonra demoqrafik tərkibi kəskin dəyişən Zəngəzurun Qafqazın işğal edilməsi ilə bolşeviklər tərəfindən Ermənistana verildiyini yazan Hikmət Hacıyev bunun nəticəsində süni yolla Naxçıvanın coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrılmasının aydın sezildiyini qeyd edib.

O, İkinci Dünya Müharibəsində Njde Qareginin faşist Almaniyasına qoşularaq Hitlerin generalı kimi yəhudulər, ruslar, ukraynalılar və digərlərinin kütləvi qətlini təşkil etdiyi barədə məlumat verərək Njdenin irqçi və ultra-şovinist təliminin Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Respublika partiyasının ideoloji əsasını təşkil etdiyini bildirib.

80-ci illərin sonunda SSRİ-nin dağılması ərəfəsində azərbaycanlıların Zəngəzur və Göyçə mahalı daxil olmaqla Ermənistandan qovulmasının yeni dalğasının başladığını deyən Hikmət Hacıyev nəticədə Ermənistanda mono-etnik dövlətin yaradıldığını, amma faciənin hələ bununla bitmədiyini nəzərə çatdırıb. O əlavə edib ki, 1991-ci ildən etibarən “Böyük Ermənistan” xülyası ilə Ermənistan Azərbayacan qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə 700.000 nəfərdən artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub.

Ermənistanın Syunik adlandırdığı Zəngəzur regionunda bu gün mövcud olan işsizlik və yoxsulluğun səbəbinin Ermənistanın mifik “Böyük Ermənistan” xülyası və qeyri-real ərazi ekspansiya ambisiyası olduğunu yazan XİN rəsmisi aparılan propaqanda nəticəsində Ermənistanda və erməni diasporasında bir çoxlarının hələ keçmişin əsiri olduğunu və buna inandığını bildirib. Vaxtilə hərəkətin yüksək olduğu və Mehridən keçərək Azərbaycan/Naxçıvan, Ermənistan və İranı birləşdirən dəmir yol xəttinin nəyə görə qapalı olması barədə sualla çıxış edən Hikmət Hacıyev bunun səbəbinin Ermənistanın ərazi ekspansiya siyasəti olduğunu yazıb.

Məqalədə Hikmət Hacıyev Ermənistanın düçar olduğu özünü təcrid vəziyyətindən çıxışın qonşulara qarşı ərazi iddialarına son qoymaq, BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq və qonşularla sivil münasibətlər qurmaq olduğunu vurğulayıb. O yazıb: “Nə qədər tez Ermənistan bu reallığı dərk edərsə, bir qədər də tez Ermənistan əhalisi üçün yaxşı olar və onlar da regional əməkdaşlıq imkanlarından faydalana bilərlər”.

Femida.az

Açar sözlər: XİN   Cavab  

Oxunub: 712