Azərbaycanın müdafiəsinə kimlər başçılıq edib?-100 ilin nazirləri+FOTOLAR

Azərbaycanın müdafiəsinə kimlər başçılıq edib?-100 ilin nazirləri+FOTOLAR

09:55     26 İyun 2018 ordu1.jpg

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Femida.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bu gün Bakının "Azadlıq" meydanında hərbi parad keçiriləcək.


Düz 100 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bununla da müstəqil Azərbaycanın ilk müstəqil ordusunun əsası qoyulub.

ADR hakimiyyəti çox yaşaya bilmədiyini kimi 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu da ləğv edilib.

Ordunun yaradılışı ilə Azərbaycanın Nüdafiə Nazirliyi sistemi də təsis edilib. Belə ki, 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.





Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu ilin may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb.


Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu ilin may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdı. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb.

1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub.

Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində X.Sultanov Hərbi Nazir təyin edilmişdi. X.Sultanov Zaqafqaziya seyminin və Azərbaycan parlamanının üzvü olub.

X.Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin edilmişdi. Az sonra həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdi. X.Sultanovun başçılığı ilə daşnak generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan silahlı dəstələri Xankəndi və Şuşaya daxil oldular.

1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlandı. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı, Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov, Trabzonda məskunlaşmışdı. Xosrov bəy 1947-ci ildə vəfat edib.


Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi.

Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılması idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra edib. Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edilib. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirilib və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edilib. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunub.





1918-ci ildə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının 26-da ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul edib. ADR-nin süqutundan sonra Azərbaycanın Milli Ordusu Sovetlər İttifaqının tərkibinə daxil olub.

SSRİ-nin tərkibində olan və müstəqilliyini elan etməmiş Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb.

Bu posta o zaman Sovet ordusunda tanınmış hərbçi, general-leytenant Valeh Bərşadlı təyin olunub. Müdafiə Nazirliyinin ilk zabitləri isə general Bərşadlı, general-mayor Dadaş Rzayev və general-mayor Arif Salahov və polkovnik Telman Mehdiyev olub.



Yeni yaranmış Müdafiə Nazirliyinin cəmi 1 minik avtomobili, hər zabitin isə cəmi 1 tabel tapançası olmaqla cəmi 4 silahı var idi. Müdafiə Nazirliyinin əsasnaməsi və digər xidməti sənədləri isə zabitlər bütün dəftərxana ləvazimatlarını özləri almaqla evlərində hazırlayırdılar.

Müdafiə Nazirliyi yarandıqdan sonra Silahlı Qüvvələrin yaradılması və komplektləşdirilməsi ilə bağlı gərgin müzakirələr aparıldı.

İlk müdafiə naziri general-leytenant Valeh Bərşadlı ordunun əsasının müqavilə əsasında komplektləşdirilməsinə tərəfdar idi. Bərşadlı o zaman şəxsi heyəti 16 min nəfər olan briqadaların yaradılmasını, hər bir taborun ayrıca nömrələnməsi, döyüş bayrağı olmasını, həmçinin reyd taborlarının yaradılmasını təklif edirdi. Lakin Ali Sovet müzakirələrdən sonra ordunun çağırış əsasında komplektləşdirilməsi barədə qərar qəbul edib. İlk briqada könüllü və çağırışçı heyətlə komplektləşdirilib.


Kimlər Azərbaycanın müdafiə naziri olub?


Azərbaycanın 1918-20-ci illərdə iki müdafiə naziri – Xosrov bəy Sultanov (mülki şəxs) və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov, ikinci müstəqilliyi dönəmində isə 8 müdafiə naziri olub.

İkinci müstəqillik dönəmində 1991-ci ilin sentyabr-dekabr aylarında müdafiə naziri postunda general-leytenant Valeh Bərşadlı çalışıb. (5 sentyabr 1991 - 11 dekabr 1991)

1991-ci il dekabr-1992-ci ilin yanvar aylarında general-mayor Tacəddin Mehdiyev müstəqil Azərbaycanda ikinci müdafiə naziri vəzifəsini daşıyıb. (11 dekabr 1991 - 17 fevral 1992).



Bu posta daha sonra 1992-ci ilin yanvar-fevral aylarında polkovnik Şahin Musayev, fevral-mart aylarında polkovnik (polis)Tahir Əliyev gətirilib.



1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək müstəqil Azərbaycanın müdafiə naziri vəzifəsini mülki şəxs Rəhim Qazıyev icra edib. (17 mart 1992 - 20 fevral 1993).



1993-cü ilin yanvar-iyun aylarında isə general-mayor Dadaş Rzayev müdafiə naziri vəzifəsində çalışıb. (20 fevral 1993 - 17 iyun 1993).



1993-cü ilin iyun-avqust aylarında Səfər Əbiyev Müdafiə Nazirliyinə rəhbərlik edib. (17 iyun 1993 - avqust 1993).



Onu 1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid Musayev əvəzləyib. (13 avqust 1993 - 25 avqust 1993).
Vahid Musayev 1999-cu ilin yanvarın 7-də Qobustan həbsxanasında baş qaldıran qiyam zamanı öldürülüb.





1993-cü ilin sentyabr ayından 1995-ci ilin fevralınadək isə Azərbaycanın müdafiə naziri vəzifəsində general-leytenant Məmmədrəfi Məmmədov işləyib. (2 sentyabr 1993 - 6 fevral 1995).


Səfər Əbiyev yenidən müdafiə naziri postuna gətirilib. O, 1995-ci ilin fevralından 22 oktyabr 2013-cü ilədək nazir vəzifəsini icra edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il, 22 oktyabr tarixindən indiyədək general-polkovnik Zakir Həsənov Azərbaycanın müdafiə naziri vəzifəsində çalışır.



Aprel döyüşlərində ordumuzun düşmən üzərində inamlı qələbəsi, bir sıra strateji əhəmiyyətli postların işğaldan azad edilməsi Zakir Həsənovun uğurlu fəaliyətinin nəticəsi kimi qiymətləndirilir. Zakir Həsənov 3 illik fəaliyyəti dövründə orduda bir sıra mühüm islahatlara imza atıb.


Qeyd edək ki, Zakir Həsənov 9 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilib.

Alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir. Ailəlidir. 1 oğlu, 1 qızı var.

Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Azərbaycan_Ordusu   #Hərbi   #Müdafiə_Nazirliyi   #Zakir_Həsənov   #general   #Silah  

Oxunub: 5349