Azərbacan Ordusu 100 - İnfoqrafika


21:52     26 İyun 2018 18_06_26_1530021236.jpg

Femida.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Azərbaycan Ordusu 100 - İnfoqrafikanı təqdim edir.

1918, 28 may

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

1918, 4 iyun

Osmanlı dövləti ilə “Qarşılıqlı yardım və dostluq” haqqında müqavilə imzalanmışdır.

1918, 26 iyun

Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin yaranma tarixi
1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun bazasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlandı. Korpusa rəhbərlik general-leytenant Əliağa Şıxlinskiyə həvalə olundu.

1918, 1 noyabr

Hərbi nazirliyin təsis olunması

1 noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin təşkilatlandırılması və ordu quruculuğuna rəhbəlik tam artilleriya generalı Səməd bəy Mehmandarova həvalə olundu.

1919, 16 iyun

Azərbaycan ilə Gürcüstan arasında hərbi-müdafiə paktı imzalanmışdır.

1920, mart-aprel

Qarabağda erməni təcavüzünün qarşısının alınması

1920-ci ilin mart-aprel aylarında Cümhuriyyət Ordusu Qarabağ istiqamətində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün bütövlüklə qarşısını aldı.

1941-1945

Böyük Vətən müharibəsi
Böyük Vətən müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur. 129 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə illərində cəbhədə istifadə olunan yanacağın 70-75 faizi Azərbaycanda istehsal edilirdi.
Müharibədə azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar təşkil olunmuşdur. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdir. 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdir.

1971, 23 iyul

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsası qoyuldu.

1991, 18 oktyabr

Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilmişdir.

1993, 2 noyabr

Müasir ordu quruculuğunun əsası
Ümummilli lider Heydər Əliyev xalqa müraciəti ilə müasir ordu quruculuğunun əsası qoyuldu.

1993-1994

Horadiz Əməliyyatı
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabr ayında başlayan və yanvar ayının 6-a kimi davam edən döyüşlərdə Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi düşmən işğalından azad edilmişdir. 1994-cü ilin yanvar ayının 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz qəsəbəsinə sancmışdırlar.

1994, 4 may

Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur.

1998, 13 mart

Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına Hərbi Liseyin əsası qoyuldu.

1999

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.

2016, 1-4 Aprel
Aprel zəfəri

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə, Ermənistan Silahlı Qüvvələrinin növbəti təcavüzkar fəaliyyətinin qarşısının alınması və cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunmuş, eləcədə də Cocuq Mərcanlı, Seysulan və Madaqiz kəndləri istiqamətindəki mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.

2018, may

Günnüt əməliyyatı
2018-ci il may ayında Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

1918-2018

Hərbi təhsil sistemi
Milli hərbi kadrların hazırlanması üçün Hərbi təhsil sisteminin əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 1939-cu ildə Azərbaycan Ali Hərbi məktəbi yaradılmış və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılmışdır. 10 mart 2004-cü il tarixdə Azərbaycan Ali Hərbi məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir.

1999-2018

Azərbaycan Ordusunun beynəlxalq təhlükəsizliyə və sülhə verdiyi töhfə
Azərbaycan Sülhməramlı Qüvvələri 1999-2008-ci illərdə Kosovoda (KFOR) NATO-nun sülhü dəstəkləmə əməliyyatlarına, 2003-2008-ci illərdə ABŞ-ın başçılığı ilə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində və 2002-2014-cü illərdə NATO-nun başçılığı ilə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) çərçivəsində sülhməramlı missiyalara töhfəsini vermişdir. Hal-hazırda Azərbaycan Ordusunun 120 nəfərlik kontingenti 2015-ci ildən etibarən Əfqanıstanda davam edən “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Yaxın gələcəkdə Azərbaycan Ordusunun BMT-nin başçılığı ilə həyata keçirilən sülhməramlı əməliyyatlarında iştirakı nəzərdən keçirilir.

2018

Global Firepower
2018-ci ildə “Global Firepower” portalının yekunlarına əsasən, Azərbaycan Ordusu “dünyanın ən güclü ordusu” reytinqində 53-cü yerdə qərarlaşmışdır.

Femida.az

Açar sözlər: #Azərbacan   #Ordu   #100   #İnfoqrafika  

Oxunub: 13008