Nazirliyə ayrılan xidməti maşınların sayı artırılıb


14:49     28 İyun 2018 genclerve%20idman_852.jpg

Gənclər və İdman Nazirliyinin aparatına ayrılan xidməti minik avtomobillərinin sayı artırılıb.


Femida.az-ın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə dəyişiklik edib.



Qərara əsasən Gənclər və İdman Nazirliyinin aparatına ayrılan xidməti minik avtomobillərinin sayı bir ədəd artırılıb və 5 ədəddən 6 ədədə çatdırılıb. Bununla da Gənclər və İdman Nazirliyinin aparatına və yerli bölmələrinə ayrılan minik avtomobillərinin ümumi sayı 81 ədəddən 82 ədədə çatıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 20 fevral 2018-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib və gənclər və idman nazirinin müavinlərinin sayı 2 nəfərdən 3 nəfərə çatdırılıb. Prezident İlham Əliyevin 1 mart 2018-ci il tarixli sərəncamı ilə Fərhad Hacıyev gənclər və idman nazirinin yeni müavini təyin edilib. F. Hacıyev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru olub.

Femida.az

Açar sözlər: #Nazirlik   #maşın  

Oxunub: 464