Azərbaycanın Avropa qapısından REPORTAJ


17:07     28 İyun 2018 2018/06/018_6120705952.jpg

İyunun 23-də Dövlət Gömrük Komitəsi jurnalistlər üçün növbəti prestur təşkil etdi. İstiqamət Gürcüstanla dövlət sərhədində yerləşən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postu oldu. Məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə məlumatlandırmaq idi.



Yük maşınları gömrükdən necə keçir?

KİV nümayəndələri öncə idxal nəzarət xəttində həyata keçirilən prosesləri izlədilər. Nəqliyyat vasitələrinin "Sərhədkeçmə vaxtının ölçülməsi" layihəsinin tətbiqi ilə gömrük ərazisinə daxil olması və ərazini tərk etməsi insan amili olmadan, avtomatlaşdırılmış qaydada tənzimlənirdi. Maşının yükündə və sənədlərində problem yoxdursa, proses 10-15 dəqiqə davam edirdi. Avtomobilin çəkisi müəyyən edildikdən sonra ona gömrük baxışı keçirilir və "bir pəncərə" sistemi vasitəsilə sənədləşmə prosesi başa çatdırılırdı. Sonda avtomobilə gömrük möhürü vurulur, elektron kilidlərlə (GPS qurğuları) təmin olunur və məntəqədən çıxırdı.



Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış oldu. Burada bizə "Sınıq Körpü" gömrük postunda yaşanan sıxlığın səbəbləri də açıqlandı. Hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və bəzən vətəndaşların qanunvericilikdə nəzərdə tutulandan çox (30 kq) ərzaq məhsullarının, spirtli içkilərin (3 litr) və siqaretlərin (3 blok) gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.



1 aya 60 min maşın

"Sınıq Körpü" gömrük keçid məntəqəsindən may ayı ərzində 58 933 avtonəqliyyat vasitəsi keçib. Bu barədə DGK-nin idarə rəisi Azər Abbasov məlumat verdi:

"Bu məntəqə Azərbaycanın Avropa qapısı sayılır. Avropadan gələn mallar məhz "Sınıq Körpü"dən keçirilir. Ölkənin ən çox gediş-gəliş olan məntəqəsi sayılır. Xüsusilə yay aylarında buradan istifadə edənlərin sayı çoxalır. Bəzən gün ərzində ümumilikdə 10 mindən çox şəxs bu keçiddən istifadə edir. Hər bir gömrük əməkdaşına xüsusi "elektron imza kartı" təqdim edilib. Onlar bu kartlar vasitəsi ilə gömrük məlumatlar bazasına daxil ola bilir. Avtonəqliyyat vasitəsinin sahibi sənədləri bir pəncərəyə təqdim etdikdən sonra sənədlərə baxış keçirilən vaxt avtonəqliyyat vasitəsinə də fiziki baxış keçirilir. Baxışı keçirən gömrük əməkdaşı öncə özünə məxsus kartın üzərindəki "barcode"u skaynerə oxutdurur. Bundan sonra avtonəqliyyat vasitəsini həmin əməkdaşın yoxlayacağı təsdiqlənir".



İdarə rəisi bildirib ki, ölkəyə daxil olan avtomobillərə GPS vurulur:

"Əgər nəqliyyat vasitəsi təyinat nöqtəsinə deyil, başqa istiqamətə gedərsə avtomatik olaraq əməkdaşlarımız tərəfindən aşkar edilir və araşdırılır. Bu GPS qurğularının 3 açarı var. Onlardan biri qeydiyyat, ikincisi isə təyinat məntəqəsində olur. 3-cü açar isə ehtiyatda olur".



Ticarətin Asanlaşması Mərkəzi

"Sınıq Körpü" gömrük-sərhəd buraxılış məntəqəsinin yaxınlığında tikilən Ticarətin Asanlaşdırılması Mərkəzinin inşası isə tezliklə yekunlaşacaq.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov deyib. O, qeyd edib ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində tikilir. Onun sözlərinə görə, TAM-ın istifadəyə verilməsi "Sınıq Körpü" gömrük-sərhəd keçid məntəqəsinin yükünü xeyli azaldacaq, burada mal və nəqliyyat vasitələrinin daha da sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaradacaq:

“Layihə çərçivəsində tikintisi davam etdirilən mərkəz “Sınıq Körpü” gömrük-sərhəd buraxılış məntəqəsinin yaxınlığında, terminal ərazisində gömrük nəzarətinin, eləcə də baytarlıq, sanitar və fitosanitar nəzarətin tam şəkildə başa çatdırılmasına əlverişli imkan yaradacaq. Bundan başqa, ərazidə yükləmə-boşaltma yerləri, malların saxlanması üçün saxlanc anbarları, nəqliyyat vasitələrinin park edilməsi üçün dayanacaqların yaradılması gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesinin daha effektiv və sürətli şəkildə həyata keçirilməsinə münbit şərait yaradacaq”.



Gürcüstan sərhədində yeni keçid məntəqəsi

Azərbaycanla Gürcüstan arasında Sadıxlı kəndi yaxınlığında yeni gömrük-sərhəd keçid məntəqəsisinin inşası planlaşdırılır. Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi məntəqənin tikintisi ilə bağlı danışıqlar artıq yekunlaşıb, nəticələr əldə olunub və yaxn zamanlarda tikintiyə başlanıla bilər. Yeni məntəqədə yük və nəqliyyat vasitəsi bir ölkə tərəfindən yoxlanılarsa, digər tərəf artıq yoxlama aparmayacaq. Bu da gömrük-sərhəs keçid məntələqəsində yüklərin sürətli daşınmasına, eyni zamanda ticarətin asanlaşmasına xidmət edəcək. Bu keçid “Sınıq Körpü” postunun yükünü 40 faizədək azaldacaq.





Femida.az

Açar sözlər: #gömrük   #DGK   #Sınıq_Körpü   #Qazax   #Tovuz   #Gürcüstan   #iqtisadiyyat   #Avropa   #reportaj  

Oxunub: 2771