"Aqrolizinq" sədrinin atasının evindən qızıl oğurlayanların məhkəməsi başladı


20:54     28 İyun 2018 mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasının evindən oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəməsi davam edib.


Femida.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.

İttihama görə, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu və qızıl zinət əşyalarını oğurlayıblar.

İttihama münasibət bildirən V.İbrahimovla E.Şirinov özlərini qismən, digər iki şəxs isə özlərini tama təqsirli bildiklərini deyib.

Daha sonra təqsirləndirilən E.Şirinovun vəkili Ceyhun Yusifov vəsatət vərərək müvəkkilinin Nəsimi rayon ərazisində 3-4 min manat dəyərində qızıl-zinət əşyası oğurladığını, lakin istintaq orqanının məbləği şişirdərək 51 min manata çatdırdığını bildirib: "Əslində zərərçəkmiş Aydın Mirzəyev deyil, onun oğlu Seymur Mirzəyevdir. Buna görə də cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyirik".

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmədə zərərçəkmiş, "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atası Aydın Mövlayev ifadə verib. O bildirib ki, oğurluq baş verən zaman qardaşıgildə olublar: "Evdə yox idim. Evə qayıdan zaman oğlum zəng elədi ki, evə oğru girib. Yataq otağını və evi ələk-vələk etmişdilər. Pəncərəni açıq qoymuşduq deyə evə pəncərədən girmişdilər. Ümumilikdə 48 min manat dəyərində qızıl-zinət əşyaları və 3 min manata yaxın pulu götürmüşdülər. Emil Şirinov bunları etiraf edib".

Vəkil C.Yusifov zərərçəkmişə sual verərək deyib ki, A.Mövlayev ilkin ifadəsində qızıllarının Mingəçevirdə qaldığını bildirib.

Zərərçəkən isə bunu təkzib edib.

Vəkilin suallarına cavab olaraq cavab verən A. Mövlayev ilkin ifadəsində bəzi məqamları yanlış dediyini qeyd edib: "İlkin olaraq tədqiqata qiymətləri səhv vermişik. Sonra qızılları qiymətləndirmək üçün "Moskva univermağı"na getmişik".

Ceyhun Yusifov isə bildirib ki, zərərçəkmiş istintaqa ifadə verəndə məbləği şişirdib.

Vəkil C.Yusifiov A.Mövlayevin həyat yoldaşının əlavə şahid qismində dindirilməsini tələb edib. Lakin dövlət ittihamçısı etiraz edərək bildirib ki, əsas şahidlər ifadə verəndən sonra qadın dindirilsin.

Proses iyulun 5-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, zərərçəkən A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır.

S.Mövlayev bu il mayın əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1035


Oxşar xəbərlər