38 dərəcə istidə yol təmiri - İşçilər bu havada necə çalışır?


20:32     29 İyun 2018 2018/06/Capture5_7651375255.jpg


Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi istiqamətində aparılan təmir işləri davam etdirilir. Son günlər havanın kəskin istiləşməsi ərazidə çalışan işçilərin sağlamlığını təhlükəyə atır. Lakin təmir işlərinin dayandırılması gözlənilmir. Çünki bu yol magistral əhəmiyyətlidir və ən qısa müddətdə təmir başa çatdırılmalıdır.

Ötən gün Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət etdi ki, havanın temperaturu 41 dərəcəni keçərsə, işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görülməlidir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Analoji hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.



Dünən Milli Hidrometeorologiya Departamenti də hava şəraiti ilə əlaqədar xəbərdarlıq etdi. Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağını bildirdi.

Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Ərazidəki işçilərin hansı şəraitdə çalışdığını öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfovla əlaqə saxladıq. Qurumun sözçüsü Femida.az-a açıqlamasında bildirdi ki, isti havaya baxmayaraq, ərazidə işlər dayandırılmayıb:

“Qanunvericilikdə 41 dərəcə isti olduqda işin dayandırılması barədə göstəriş var. Bakıda maksimal istilik 37-38 dərəcədir. Əhəmiyyətli yol olduğu üçün işi dayandıra bilməzdik. İşçilər növbəli şəkildə, fasilə verərək çalışır. Mütəmadi olaraq onların sərinləməsi üçün şərait yaradırıq. Əməkdaşlara verilən xüsusi geyimlər də bədənlərinin sərin qalmasını təmin edir”.



37-38 dərəcə də kifayət qədər yüksək istilikdir. Qırdan gələn isti bu temperaturu bir qədər də artırır. “İşçilərin sağlamlığı üçün niyə bu işi sərin havalarda görmədiniz” sualına A.Nəcəfli belə cavab verib:

“İnanın ki, həmin yolda çalışan işçilər bu işin daha sərin aylarda keçirilməsinə tərəfdarıdırlar. Amma təmir payız və ya yaz aylarında aparılsaydı, bu zaman insanlar deyəcəkdilər ki, bəyəm bunu gözləyib məktəblərin tətili zamanı həyata keçirmək mümkün deyildimi!!! Biz də bunu gözlədik. Orta məktəb və ali təhsil müəssisələri tətilə çıxdıqdan sonra, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzər alındı ki, birdən kimsə istirahətə rayona gedər maneəçilik yaşatmayaq. 2-3 günə dediyim ərazilərdə işlər bitən kimi körpü və tunellə hərəkət bərpa olunacaq və Şamaxı yolu deyilən ərazidə yaşanan sıxlıq aradan qalxacaq”.





Amin Nəzərli

Femida.az

Açar sözlər: #yol   #təmir   #AAYDA   #Anar_Nəcəfli   #femida   #hava   #isti   #ekologiya   #FHN   #Xırdalan   #avtovağzal   #qanun   #işçi   #əmək  

Oxunub: 3493