Autizm xəstələri hərbi xidmətə cəlb edilməlidirmi?


21:55     29 İyun 2018 18_06_29_1530279508.jpg

"Vaxtı ilə autizmli uşaqlara pensiya və əlilliyin verilməsi məsələsi problem idi. Artıq bu problem həllini tapıb. Bu uşaqların hərbi xidmətə getməsini düzgün hesab etmirəm”.


Bu sözləri Psixonevroloji Uşaq Evinin rəhbəri İradə Musayeva bu gün Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Autizm spektrum pozuntusu” mövzusunda keçirilən dəyirmi masada söyləyib.

İ.Musayeva problemin köklü həlli məsələsinə də toxunub. O qeyd edib ki, bu problemin köklü həlli üçün mütəxəssis hazırlığına ehtiyac var:

"Bu gün Azərbaycanda kifayət qədər uşaq nevroloqu olsa da, yetərli sayda psixiatr yoxdur. Düşünürəm ki, psixiatriya sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün kadr problemini həll etmək lazımdır. Alternativ yol kimi nevropotoloqların təhsillərini artırmaqla onların psixiatr kimi yetişməsinə nail ola bilərik. Çünki bu gün ilkin diaqnozlar neropotoloqlar tərəfindən qoyulur. Bəzən bu xəstəliyi əqli gerilik kimi də qəbul edirlər. Əslində əqli geriliklə autizm tamamilə fərqlidir. 10 il öncə həkimlər autizm diaqnozu qoymaqda, onu fərqləndirməkdə müəyyən çətinliklər çəksə də, artıq bu sahədə irəliləyişlər var”.

İ.Musayeva bildirib ki, bu gün təhsil sistemində olan problemləri aradan qaldırmaq üçün nazirliklə birgə Təhsil Nazirliyinin tərkibində müəyyən mərkəz yaradılmalıdı. O, xəstə üstündə bəzən həkimlər arasında müəyyən intriqaların olduğunu da diqqətə çatdırıb:

"Xəstə üstündə həkimlər arasında bəzən intriqalar olur. Onlara deyirəm ki, dava etməyin, xəstə hamıya yetər”.

Daha sonra çıxış edən Uşaq psixi Sağlamlıq və İnkişaf Mərkəzinin həkim-psixiatrı İkram Həsənov bu fikirlərin bir qismi ilə razılaşmadığını bildirib:

"Bu gün Azərbaycanda uşaq psixiatrlarının sayının azlığı ilə bağlı söylənilən fikirlə razılaşmırıq. Artıq yeni kadrlar da yetişir və onlar təhsillərini daha da inkişaf etdirmək üçün müxtəlif ölkələrə göndərilir. Nevroloqlardan psixiatr yetişdirmək fikri də düzgün deyil. Pisixatr və nevroloq anlayışları tamamilə fərqlidir”.

İ.Həsənov həmçinin, autizmli övlada sahib olan valideynlərin üzləşdiyi problemlərdən danışıb. O qeyd edib ki, bu gün bir çox sinif rəhbərləri və direktorlar autizm sindromlu uşaqların onların çalışdıqları təhsil ocaqlarında oxumasına mane olur:

"Biz bəzən saatlarla bir direktorla danışaraq bu cür yolun düzgün olmadığını qeyd edirik”.

Tədbir iştrakçıları da bəzən bu cür uşaqların məktəblərdə müəllimlər, hətta birləşərək valideynlərin təzyiqi ilə oradan uzaqlaşdırıldığını qeyd edib.

Daha sonra sahə həkimlərinin maariflənməsinə ehtiyac duyulduğu qeyd olunub. Bildirilib ki, bəzən sahə həkimlərinin gərəksiz müdaxiləsi bu xəstəliyə vaxtında müdaxilənin qarşısını alır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bu uşaqların əqli inkişafından danışıb. O bu cür uşaqların kifayət qədər yüksək yaradıcı düşüncəyə sahib olduğunu bildirərək onların təhsillərində olan problemlərə toxunub. S.Babazadə qeyd edib ki, bu gün əksər belə valideynlər övladlarını məktəbə yazdırmaqda çətinlik çəkirlər. S.Babazadə belə uşaqlar üçün xüsusi təhsil proqramına ehtiyac olduğunu da vurğulayıb:

"Dünyada hər 59 uşaqdan birinin autizm sindromlu doğulduğunu və Azərbaycanda hər il 159 min körpənin dünyaya gəldiyini nəzərə alsaq, ölkəmizdə də belə uşaqların sayının az olmadığını demək olar. Lakin onların hamısı qeydə alınmır”.

İstanbul Gelişim Universitetinin müəllimi Canan Tanıder isə çıxışında ilk olaraq bu xəstəliyin tarixçəsi haqda məlumat verib. O qeyd edib ki, dünyada ilk dəfə autizm sindromu 1943-cü ildə qoyulub. Daha sonra isə xəstəliyin ilkin əlamətləri haqda məlumat verib:

"Bu cür xəstələr göz bağı qurmaqda, əşyaları ilə lazımınca oynamaqda, barmağı ilə nəyəsə işarə etməkdə çətinliklərlə üzləşirlər. Bəzən deyirlər ki, oğlan uşaqları gec danışır, heç bir qorxusu yoxdur. Amma narahat olmağa dəyər. Nə qədər vaxtında müdaxilə edilsə, problemin qarşısı bir o qədər də tez alınar”.

C.Tanıder qeyd edib ki, bu gün Türkiyədə 3-4 yaşında hansısa, bir uşağa autizm sindromu qoymaq gec müdaxilə hesab edilir. Təxminən bir yaşından etibarən bu diaqnozu qoymaq mümkündür”.

C.Tanıder bu xəstəliyin yaranma səbəblərinə də toxunub:

"Bu gün peyvəndlərin autizmə səbəb olması ilə bağlı səsləndirilən fikirlər elmdə təsdiqini tapmayıb. Təsdiqini tapan amillərdən biri də budur ki, bu gün ailə quran cütlüklər arasında kifayət qədər yaş fərqi var. Bununla yanaşı ananın hamiləlik dövründə kifayət qədər vitamin qəbul etməməsi də bu cür xəstəliklərə yol açır”.

C.Tanıder qeyd edib ki, ölkələrində ana ilə bağ qurmayan hər uşaq autizm sindromlu adlanmır:

"Biz sadəcə olaraq belə uşaqları autizm riskli adlandırırıq. Artıq bizim bu istiqamətdəki problemlərimizi həll etmək üçün milli fəaliyyət planımız da təsdiqini tapıb. 2016-2019-cu illəri əhatə edən bu plana görə bu cür xəstələrə dəstək olmaq üçün müxtəlif nazirliklərin birgə iş planı təsdiqini tapıb. Bu cür işlərin nəticəsidir ki, son illərdə Türkiyədə uşaq psixiatrlarının da sayı artıb. Bu fəaliyyət planının bir tərkib hissəsi kimi Türkiyədə bütün ailə həkimlərinə təhsil verilib”.

Açar sözlər:

Oxunub: 1836


Oxşar xəbərlər