Məzuniyyət dövrünə düşən bayramlar məzuniyyət müddətinə əlavə olunurmu? - QANUN

Məzuniyyət dövrünə düşən bayramlar məzuniyyət müddətinə əlavə olunurmu? - QANUN


15:09     02 İyul 2018 18_07_02_1530515426.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzumuz məzuniyyətlərlə bağlıdır.

Sual belədir: İşcinin məzuniyyət günlərinə hər hansı bayram günü təsadüf edərsə, bayram günü məzuniyyətə əlavə olunurmu?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Məcəllənin 113-cü maddəsində göstərilir ki, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Məzuniyyətin müddəti həmin müddətə düşən bayram günlərin sayı qədər əvəzi ödənilmədən uzadılır. Lakin bayram günləri dedikdə Əmək Məcəlləsinin 105-ci maddəsi üzrə nəzərdə tutulan bayram günləri nəzərdə tutulur və qeyri iş günləri müəyyən edilən günlər nəzərə alınmır. Yəni, tutaq ki, 21 günlük məzuniyyət müddətində 1 gün hər hansı dövlət b ayramına düşür. Bu zaman məzuniyyət müddətinə 1 gün əlavə edilir və istirahət müddəti 22 gün olur.

Femida.az

Açar sözlər: #əmək   #məcəllə   #qanun   #hüquq   #vəkil   #iş   #məzuniyyət   #femida  

Oxunub: 6825