Polis şöbələrində monitorinq keçirildi


18:48     02 İyul 2018 hebsxana.jpeg

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov müavini Elçin Şirinov, hüquqşünas Anar Cavadov və ekspert Qartal Hüseynovla birlikdə Göygöl, Samux, Goranboy, Tərtər və Bərdə Rayon Polis şöbələrində monitorinq keçirib.



Komitə sədri T. Hüseynovun Femida.az-a verdiyi məlumata görə, Komitə əməkdaşları polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə baxış və orada saxlanılan şəxslərlə görüş keçiriblər.

Onun sözlərinə görə, monitorinqin keçirilməsində məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub: “Monitorinq zamanı saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, rəftar məsələləri araşdırılıb. Saxlanma şəraiti, saxlanılan şəxslərə qarşı münasibətlə bağlı bizə heç bir şikayət daxil olmayıb. Saxlanılan şəxslərin böyük əksəriyyəti inzibati qaydada tutulan şəxslər olub”.

T. Hüseynov İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən Tərtər və Bərdə rayonlarında əhali arasında “Vətəndaş və polis münasibətləri” ilə bağlı sorğu keçirildiyini vurğulayıb. O qeyd edib ki, sorğunun nəticələrinə əsasən, vətəndaşlar polislərin davranışından razılıqlarını bildiriblər.

Femida.az

Açar sözlər: Polis   Monitorinq  

Oxunub: 492