Yunis Səfərov Rusiyaya ekstradisiya oluna bilər – Rusiya ilə Azərbaycan arasında müqavilə var

Yunis Səfərov Rusiyaya ekstradisiya oluna bilər – Rusiya ilə Azərbaycan arasında müqavilə var

16:59     06 İyul 2018 18_07_06_1530867814.jpg

Ölkə mediasının gündəmini Gəncənin İcra başçısı Elmar Vəliyevin və mühafizəçisinin silahlı hücuma məruz qalması xəbəri zəbt edib.Rəsmi məlumata görə, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.


Cinayəti törətməkdə şübhəli bilinən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb.


Femida.az məsələnin hüquqi tərəflərinə aydınlıq gətirmək üçün araşdırma aparıb. Yunis Səfərova qarşı irəli sürülən ittihamlar məhkəmə yolu ilə öz sübuta yetirilərsə, onu hansı cəza gözləyir?Ümumiyyətlə qeyd olunan maddələrin açıqlaması nədir?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində cinayət etməyə cəhddən bəhs olunur.



Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Cinayət Məcəlləsinin 120.2.3. maddəsi zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 120.2.7. maddəsi isə iki və ya daha çox şəxsi öldürmə ilə bağlıdır.

Qeyd olunan maddələrlə ittiham olunan şəxsin təqsiri şübuta yetirilərsə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.





Praktikadan yanaşsaq,burada dövlət məmuruna silahlı hüumdan söhbət gedir. Yunis Səfərova ömürlük həbs cəzasının verilməsi daha realdır.Amma məsələnin başqa bir tərəfi də var. Məlum olduğu kimi Səfərov Yunis Rafiq oğlu milliyətcə azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır.Bu isə onun cəzasının Rusiyada çəkməsinin mümkünlüyünü qanunla təsdiq edir.

Femida.az məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü,vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.Vəkil məsələnin detallarına aydınlıq gətirərkən bildirib ki, hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Məhkumların cəza çəkmək üçün verilməsi haqqında” müqavilə mövcuddur.





“Ekstradisiya (cinayət törətmiş şəxsin digər dövlətə verilməsi) və cinayət işləri üzrə hüquqi yardım beynəlxalq hüquqda müxtəlif formalarda tətbiq olunur. Nəzərə alınmalıdır ki, ekstradisiya məsələsi məhkumun sosial reablitasiyasının təmin edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlığın mühüm bir formasıdır. Hazırda ölkəmiz cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına, “Cinayət işləri üzrə hüquqi yardım haqqında” 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasına, Minsk Konvensiyasına, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına (bundan sonra – Kişinyov Konvensiyası) qoşulmuş və digər bu kimi beynəlxalq müqavilələr imzalanıb. Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Məhkumların cəza çəkmək üçün verilməsi haqqında” müqavilə mövcuddur. Bu müqaviləyə görə Tərəflər, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası bu müqavilənin müddəalarına uyğun olaraq sorğuya əsasən Tərəflərdən birinin ərazisində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş digər Tərəfin vətəndaşları olan şəxsləri cəzanı çəkmək üçün vətəndaşı olduqları ölkəyə verirlər. Cəzanın çəkilməsi üçün məhkumun verilməsi hökmü çıxaran və hökmü icra edən dövlətin təklifi ilə həyata keçirilə bilər. Eyni zamanda məhkum, onun yaxın qohumları, yaxud qanuni nümayəndəsi hökmü çıxaran Dövlətin, yaxud hökmü icra edən dövlətin səlahiyyətli orqanlarına məhkumun verilməsi haqqında vəsatətlə müraciət edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında bu işlər üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Hökmü icra edən Dövlət bu Müqaviləyə tamamilə uyğun surətdə verilməsi tələb olunan şəxsin qəbul edilməsindən imtina edə bilməz. Bu baxımdan Yunis Səfərovun barəsində çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra cəzasını çəkmək üçün onun vətəndaşı olduğu Rusiya Federasiyasına verilməsi istisna olunmur.”

Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Gəncə   #İcra_başçısı   #Elmar_Vəliyev   #Sui-qəsd   #Yunis_Səfərov   #Rusiya   #Məhkəmə   #Hakim  

Oxunub: 10671