İstintaq və təhqiqatın fərqi nədir? - QANUN


18:35     06 İyul 2018 2018/07/cinayet_1530873395.jpg

Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində istintaq və təhqiqat arasındakı fərqləri diqqətinizə çatdırır:

Qısaca qeyd edək ki, bunlar hər ikisi cinayət xarakterli əməllə bağlı araşdırmanın növü sayılır. Lakin təhqiqatın özünün də 2 ayrı növü var: Məhkəməyə qədər sadələşdirilmiş icraat ve 10 gün müddətində davam edən ilkin araşdırma. İkincidə cinayət işi başlayır, 10 gün müddətində istintaqa göndərilir. İstintaq isə yalnız cinayət işləri üzrə davam etdirilir. Yəni təhqiqatda cinayət işi başlamaya da bilər. Təhiqaqatı təhqiqatçı, istintaqı müstəntiq həyata keçirir.

İndi isə qanundan çıxarışlarla iki məfhum arasındakı fərqi diqqətinizə çatdırırıq:


Cinayət Prosesual Məcəllənin 214-cü maddəsinə görə, cinayət işləri üzrə təhqiqat aşağıdakı şəkildə aparılır:

- ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı;
- böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat.


Cinayət işləri üzrə təhqiqatı icra hakimiyyəti orqanlarının təhqiqatçıları təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə aparılır. Təhqiqatı bu şəkildə apararkən məcəllənin müvafiq maddələrinə uyğun olaraq:

- cinayət işini başlayır və bu barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir;
- şübhəli şəxsi tutmaq, onun, zərər çəkmiş şəxsin, şahidin, mülki iddiaçının, mülki cavabdehin, şahidlərin dindirilməsi, axtarış, müayinə və götürmə kimi istintaq hərəkətlərini aparır;
- cinayət işinin başlanmasından sonra 10 gündən gec olmayaraq sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına göndərir;
- cinayət işinin başlanmasından 10 gün keçdikdən sonra müstəntiq və ya ibtidai araşdırmanı həyata keçirən prokurorun tapşırığı ilə ayrı-ayrı istintaq hərəkətlərini aparır və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirir;
- cinayət işinin başlanmasından 10 gün keçdikdən sonra cinayət açılmamış qalarsa, cinayəti törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görür.


Məcəllənin 215-ci maddəsində isə cinayət işləri üzrə ibtidai istintaqın aparılması hallarından bəhs olunur. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir. Cinayət işləri üzrə ibtidai istintaq adətən prokurorluq və müəyyən hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Cinayətin törədilməsində yüksək çinli dövlət nümayəndələri, eləcə də dövlət qurumlarında çalışan məmurların təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə isə prokurorluq tərəfindən həyata keçirilir.

Müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən həyata keçirilir. Bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #istintaq   #təhqiqat   #cinayət   #qanun   #məcəllə   #hüquq   #hüquqşünas   #maarifləndirmə   #vəkil   #hakim   #məhkəmə   #femida  

Oxunub: 24226