Məkkədəki faciələrin təşkilatçısı İrandırmı? – ANALİZ

Məkkədəki faciələrin təşkilatçısı İrandırmı? – ANALİZ


18:31     01 Oktyabr 2015 mekkeeee.jpg

Son dövrlər dünya mediasında Məkkədə ard-arda baş verən faciələrlə bağlı maraqlı məlumatlar yayılıb.


Bu məlumatları ümumiləşdirib belə nəticəyə gəlmək olar ki, Məkkədə baş verən faciələrin kökündə İran dayanır. Xüsusilə, Rusiya mətbuatı məsələni diqqətdə saxlayıb. Rusiya mediası İranın sırf turizm məqsədləri üçün Məkkədə belə faciələrin baş verməsində maraqlı olduğunu və hətta, təşkilatçı ola biləcəyini də vurğulayıb. Guya ki, İran bu faciəni törətməklə Səudiyyə Ərəbistanına illik turist axınının qarşısın alacaq və həmin turistlər İranın Məşəd şəhərinə üz tutmağa üstünlük verəcəklər. Bütün bu fikirlər dünya mediasının paylaşdığı məlumatlarda öz əksini tapıb.

Belə bir iddianın ortaya atılması nə dərəcədə həqiqətə uyğundur? Doğrudanmı İran İslam Respublikası islamın beşiyində belə əməl törədə bilər? Son dövrlər İranla Səudiyyə Ərəbistanı arasında müşahidə olunan siyasi gərginlik belə bir aktın törədilməsinə rəvac verə bilərmi?

Xatırladaq ki, hər iki faciədə xeyli sayda iran vətəndaşı həyatını itirmişdi.

Femida.az mövcud suallarla bağlı politoloq və siyasi şərhçilərin mövqeyini öyrənib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu İranla bağlı şübhələri əsassız hesab etdi:

"Səudiyyə Ərəbistanı torpaqlarında baş verən insani faciədə başqa bir dövlətin, o cümlədin İranın rolu olmayıb. Əskinə, ölənlər arasında xeyli İran vətəndaşı da var. Bu faciədə daha çox Səudiyyə Ərəbistanın müvafiq strukturlarının günahı var ki, insanların təhlükəsizliyinə diqqətlə yanaşmayıblar. Sadəcə, bu hadisədən sonra İran Səudiyyə Ərəbistanına qarşı narazılığını gizlətməyib. Bəlkə də buna haqqı çatır. Onsuz da İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər əvvəllər də hamar deyildi. Elə indinin özündə də İran Suriyada Əsəd rejiminə dəstək verir, Səudiyyə Ərəbistanı isə Əsədə müxalif olan qüvvələri müdafiə edir. Bundan başqa Səudiyyə Ərəbistanı İranla ABŞ arasındakı yaxınlaşmadan da narahatdır. Ancaq bütün bunlar o demək deyil ki, Səudiyyə Ərəbistanındakı insani faciədə İranın hər hər hansı rolu və ya marağı olub".

Politoloq Fikrət Sadıqov isə baş vermiş faciələri bu cür qiymətləndirdi:

"Belə hadisələr baş verərkən müxtəlif versiyaların irəli sürülməsinə artıq öyrəşmişik. Bu təbii bir haldır. Əgər iki dövlət qarşıdurma vəziyyətindədirsə, belə versiyaların irəli sürülməsi tamamilə gözləniləndir. Amma bu iddia sübuta yetirilməlidir. Terror aktları törədilərkən onu törədənlər dərhal bəyanat yayırlar ki, bu terror aktı nəyə görə törədilib. Yəni terrorçuların məqsədləri nələrdir. Bu bəyan olunur. İranı isə belə bir hadisənin törədilməsində günahlandırmaq təbii ki, düzgün olmazdı. Çünki İran bir dövlətdir və özü terrorçulara qarşı mübarizə aparır. Hətta baş vermiş hadisənin məqsədli şəkildə törədildiyi də müəyyən olunmayıb. Yəni faciənin terror aktı kimi qiymətləndirilməsi üçün tutarlı əsas belə yoxdur."

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3102