Diplomatların peşə bayramıdır

Diplomatların peşə bayramıdır

09:32     09 İyul 2018 XIN.jpg

9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.


Diplomatiya tarix boyunca hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahələrindən biri olmuşdur. Qədim tarixi və zəngin dövlətçilik ənənələri olan Azərbaycanın da diplomatiya tarixi olduqca parlaq keçmişə malikdir. Albaniya, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və Səfəvi dövlətlərinin, Azərbaycan xanlıqlarının diplomatik fəaliyyətləri Azərbaycanın diplomatiya tarixinin şanlı səhifələrindəndir. XX əsr isə bütövlükdə Azərbaycan diplomatiyasının tarixində xüsusi mərhələ təşkil etmişdir. Müsəlman şərqində ilk demokratik respublika Azərbaycanda qurulmuş və böyük diplomatik uğurlara imza atmış, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyi yaradılmışdır.

Ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən hər il bu tarix – iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan Respublikası əsrin əvvəllərində olduğu kimi yenidən Ermənistanın işğalçı siyasəti ilə üzləşmişdir. Bununla yanaşı ölkə daxilindəki siyasi hərc-mərclik Azərbaycanı dərin xaosa sürükləmişdi. Nəticədə ölkə ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu prosesin qarşısı alınmış, bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi dönüş yaradılmışdır. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olunmuş, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətidir. Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı dünya miqyasında müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin…”.

Ulu öndər proqram xarakterli bu fikirləri gərgin əməyi sayəsində reallığa çevirmişdir. Həmin dövrdən Ermənistanın təcavüzünün qarşısının alınması, respublikanın ərazi bütövlüyünün bərpası və münaqişənin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının ən mühüm vəzifəsinə çevrilmişdir. Nəticədə atəşkəsə nail olunmuş, Azərbaycanın haqq mövqeyi beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılmış və Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağıran beynəlxalq sənədlər qəbul olunmuşdur. Eyni zamanda dünyanın müxtəlif dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələr qurulmuş, bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması ilə Azərbaycan Respublikası Cənubi Qafqazın ən güclü dövlətinə çevrilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirir. Bir sıra hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol oynayır. Bu gün Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə və beynəlxalq enerji-kommunikasiya layihələrinin mərkəzinə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması məhz cənab İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir. Ölkə Prezidenti bu barədə demişdir: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.

Azərbaycanın xarici siyasətinin prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işlər davam etdirilir. Ermənistanın işğalçılıq siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələdir. Artıq Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina, Honduras, Sudan və Cibuti parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının bir sıra ştatları Xocalı soyqırımını tanımışdır. Azərbaycan öz torpaqlarını istər sülh, istərsə də hərbi yolla azad etmək hüququnu açıq şəkildə bəyan etmişdir.

Femida.az

Açar sözlər: #XİN   #Diplomat   #Albaniya   #Atabəylər   #Şirvanşahlar   #Qaraqoyunlu  

Oxunub: 298