Ərdoğan seçkidən sonra ilk səfərini Azərbaycana edir – Siyasi mesaj nədir?


15:15     09 İyul 2018 2018/07/erdogan-sefer_1531120566.jpg


Bu gün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın “Prezident vəzifəsinə başlama mərasimi” keçiriləcək. Prezident Sarayında baş tutacaq mərasimdə 28 ölkədən dövlət, hökumət və parlament başçıları, o cümlədən 22 dövlət başçısı ilə yanaşı, çoxlu sayda yerli və xarici qonaq iştirak edəcək.

Mərasimlə əlaqədar Ankara polisi təhlükəsizlik tədbirlərini gücləndirib, xarici qonaqların təhlükəsizliyi üçün xüsusi tədbirlər görülür. Paytaxtda təhlükəsizliyi ümumilikdə 10 min polis təmin edəcək.

Ərdoğanın andiçməsi ilə Türkiyədə prezident idarə-üsulu rəsmən başlamış olacaq.

Andiçmədə Azərbaycanı baş nazir Novruz Məmmədov təmsil edəcək. İyulun 9-da Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət ediləcək. Bu mərasimdən sonra qonaqların şərəfinə ziyafət veriləcək.

İlk səfər Azərbaycanadır

Andiçmədən dərhal sonra - yəni sabah Ərdoğan Azərbaycana səfər edəcək. Bu onun növbəti prezidentlik dövründə ilk rəsmi səfəri olacaq. Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsi bird aha qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunun sübutudur. Səfər Türkiyə prezidentinin proqramından dolayı çox qısa olacaq və simvolik xarakter daşıyır. Məqsəd Ərdoğanla Əliyevin təməlini qoyduqları ənənənin davam etməsidir.

Sabah Bakıya gələcək Ərdoğan Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşmək üçün Zaqulbaya gedəcək. Zaqulbada iki qardaş ölkənin prezidentləri təkbətək görüşəcək.
İkili görüş və ziyafətdən sonra Türkiyə prezidenti Azərbaycandan ayrılaraq Brüsselə səfər edəcək.

İlk səfərin verdiyi mesaj

Politoloq Natiq Miri Femida.az-a açıqlamasında Ərdoğanın bu addımını Türkiyə və Azərbaycanın təkcə siyasi-iqtisadi kontekstdə deyil, həm də mənəvi-psixoloji münasibətlərdə də çox yaxın olduğunun sübutu kimi qiymətləndirib:

“Türkiyə-Azərbaycan münasbətləri dünya səviyyəsində müşahidə olunmayan yaxınlığa malikdir. Bunu beynəlxalq ictimaiyyət də dərk edir. Düşünürəm ki, belə yaxınlığın böyük geosiyasi əhəmiyyəti var. Gələcəkdə də iki qardaş ölkə bütün sahələr üzrə daha çox yaxınlaşacaq. Bu münasibətlər artıq dövlətlərin başından kimlərin olmasından asılı deyil. Xalqlar arasında olan mənəvi bağlar məsələni həll edir“.

Tarixi hərbi saziş imzalana bilər

Natiq Miri Ərdoğanın yeni hakimiyyəti dövründə ölkələrimiz arasında tarixi hərbi sazişi imzalanmasının da gözlənilən olduğunu bildirib:

“Zənnimcə Ərdoğanın növbəti dəfə prezident seçilməsi iki dövlət arasındakı münasibətləri bir qədər də irəli səviyyəyə daşıyacaq. Həm siyasi, həm iqtisadi, həm mənəvi yaxınlaşma davam edəcək. Ən əsası hərbi cəhətdən əsaslı şəkildə yaxınlaşma gözləyirəm. Hətta ölkələr arasında hərbi sazişin imzalanmasını da gözləyirəm. Ola bilər bu saziş sabahkı səfər zamanı baş tutmasın. Amma gələcəkdə tarixi hərbi anlaşma imzalanacağını düşünürəm. Buna ehtiyac var. Bu məsələni hər iki dövlətin rəhbərliyi düşünür və həll edəcəklər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ərdoğan   #Türkiyə   #Azərbaycan   #siyasət   #səfər   #dünya   #politoloq   #Natiq_Miri  

Oxunub: 8130