İlham Əliyev Bakılı qubernatorla görüşdü
19:36 01 Oktyabr 2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev qubernator Georgi Poltavçenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin Sankt-Peterburq şəhəri ilə gələcək əməkdaşlığın möhkəmləndirilməsi və bütövlükdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Dövlət başçıları, nazirlər və digər səviyyələrdə qarşılıqlı səfərlərin və görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev bu cür müsbət əlaqələr fonunda regional əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğunu deyib.
Bu günlərdə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumuna toxunan dövlət başçısı bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayaraq Forumun regionların əməkdaşlığı ilə yanaşı, iqtisadi layihələrin həyata keçirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Rusiyanın Sankt-Peterburq şəhəri arasında əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko doğulduğu və onun üçün doğma olan Bakının son illər ərzində çox sürətlə inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb. Bakıda keçirilən birinci Avropa Oyunlarının ölkəsində böyük maraqla izlənildiyini deyən qubernator şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirə hazırlığın yüksək səviyyədə və keyfiyyətlə həyata keçirilməsinin mümkün olduğunu deyib.
Sankt-Peterburq şəhəri ilə əməkdaşlıq məsələsinə toxunan Georgi Poltavçenko bu əməkdaşlığın ənənəvi olaraq həmişə səmimi münasibətlərə əsaslandığını qeyd edib. Özündən əvvəlki qubernator Valentina Matviyenkonun bu əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Georgi Poltavçenko əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
O, Sankt-Peterburq şəhərinin Azərbaycan ilə iqtisadi, ticarət və digər sahələrlə yanaşı, gəmiqayırma sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
Oxunub: 936
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir