Məhkəmələrin səlahiyyətində olan məsələ Şuraya həvalə olundu - QANUN


20:00     04 Aprel 2015 tvler9.jpg

Azərbaycan prezidenti İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 24 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam verib.

 

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər teleradio yayımçılarına xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi ilə bağlıdır.

 

İndiyə qədər qüvvədə olan qanuna əsasən, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini tələblərini pozduqda lisenziyanın qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla, xüsusi hallarda lisenziyanın qüvvəsinə məhkəmə tərəfindən xitam verilə bilərdi. Bu xüsusi hallara lisenziya yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alınması, yayım lisenziya alındıqdan sonra altı ay ərzində həyata keçirilməməsi, lisenziyanın sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunması, teleradio yayımı texniki cəhətdən mümkün olmaması, dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunması və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradılması daxil olub.

 

“Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, teleradio yayımçılarına xüsusi lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və lisenziyanın qüvvəsinə xitam verilməsi sahəsində səlahiyyətlər  məhkəmələrdən alınaraq Milli Televiziya və Radio Şurasına (MTRŞ) verilib və bu səlahiyyətlərin tətbiq ediləcəyi halların əhatə dairəsi genişləndirilib.

 

Başqa sözlə, bundan sonar teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı MTRŞ-in qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılacaq.

 

MTRŞ-in qərarı ilə lisenziyanın qüvvəsinə lisenziyanın sahibi həmin məqsədlə ərizə təqdim etdikdə, lisenziya yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda, lisenziya alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə, lisenziyada müəyyən edilmiş yayım zonası bir il müddətində tam təmin edilmədikdə, lisenziyanın sahibinin müflisləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda, teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda, yayım ardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün əsassız həyata keçirilmədikdə, xüsusi razılığın (lisenziyanın) sahibi olan hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə xitam veriləcək. Eyni zamanda yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə MTRŞ yayımçının lisenziyanın qüvvəsinə xitam veriləcək.

 

MTRŞ-in lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və ya qüvvəsinə xitam verilməsi barədə qərarından şikayət həmin qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində məhkəməyə veriləcək. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə xitam veriləcək.

 

Digər dəyişikliyə əsasən, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəməzsə, müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin istifadə haqqı ödənilənədək dayandırılması barədə teleradio yayımı sahəsində müvafiq dövlət orqanına, yəni MTRŞ-ə müraciət edəcək. İndiyə qədər belə halarda müvafiq icra hakimiyyəti orqanı lisenziyanın qüvvəsinin istifadə haqqı ödənilənədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilərdi.

Açar sözlər:

Oxunub: 536