Bakıda böyüdü, Londonda karyera qurdu - Azərbaycanlı qızın UĞUR HEKAYƏSİ


20:00     09 İyul 2018 2018/07/fidan-cavadovaa_1531138123.jpg


Bu gün ölkəmizdən kənarda Azərbaycanı qürurla təmsil edən yüzlərlə gəncimiz var. Onlar xarici ölkələrdə qurduğu karyera və əldə etdiyi uğurlarla həmyaşıdlarına örnəkdirlər. Femida.az-ın müsahibi məhz bu gənclərdən biri - Fidan Cavadovadır.

7 il öncə İngiltərəyə köçən Fidan təhsilini başa vurduqdan sonra Londonda özünə piratçılıqla mübarizə sektorunda maliyyəçi kimi karyera qurub. Cəmi 25 yaşı olan həmyerlimiz İngiltərənin nüfuzlu anti-pirat şirkətlərindən birinin əməkdaşıdır. Film, media sektorunda müəllif hüquqlarının qorunması sahəsində fəaliyyət göstərir.

- Əvvəlcə sizi bir az tanıyaq. Özünüz haqqında məlumat verərdiniz.
- Mən, Cavadova Fidan, 1993-cü ildə Bakıda doğulmuşam. 7 il əvvəl təhsilim üçün Böyuk Britaniyaya yollandım. Təhsilimi bitirdikdən sonra Londonda iş tapdım və hazırda burada maliyyə sahəsində karyeramı qurmuşam. Düzdür, çoxları Londonu stresli bir şəhər hesab edir. Amma sevdiyin və zövq aldığın işlə məşğul olduğun müddətcə, yerin fərqi yoxdur. Müasir rəqslərə və musiqiyə marağım var.

-Uşaqlığınız harada və necə keçib?
- Uşaqlığım çox maraqlı keçib, xüsusilə də məktəb illəri. Xeyli zaman keçməsinə baxmayaraq, o dövrdə qurduğum dostluqlar hələ də davam edir. Məktəbi və universitetin birinci kursunu Bakıda oxumuşam. Uşaqlığımın çox hissəsi Novxanı bağlarında ailəmin ve dostlarımın yanında keçib. Çox xoş və qayğısız günlər idi.



-İlk iş təcrübəniz yadınızdadır?
- Bəli, bakalavr təhsilimin ikinci ili idi, Böyük Britaniyada - Kardif şəhərində kiçik bir investisiya şirkətində 1 ay işlədim. Təcrübəni universitet təşkil etmişdi. Təhsil əsnasında İngiltərənin iş və biznes mühitində olmaq mənim üçün fərqli təcrübə oldu.

- Niyə məhz İngiltərəni seçdiniz?
- Bizim ailədə təhsilə hər zaman böyük önəm verilib. Sırf buna görə valdeynlərim məni gənc yaşlarımdan müxtəlif kurslara göndərirdi. 7 yaşımdan ingilis dilini öyrənməyə başladım. Artıq 9-cu sinifdə xaricdə təhsil barədə düşünürdüm. Bakıda istədiyim fakültəyə daxil olmağıma baxmayaraq, bir il sonra təhsilimi dayandırdım. Yeni cəmiyyətə, bizim ölkədən fərqli həyat tərzi olan “Dumanlı Albion”a getməyi qərar aldım.



- Kareyranızda hansı uğurlarınız olub?
- Təhsilimi bitirdikdən sonra İngiltərədə karyeramın əsasını qoymaq başlıca uğurlarımdan biridir. Burada qazandığım təcrübə, iş həyatında tanış olduğum insanlar, aldığım təlim. Çalışdığım şirkətdə bir çox maraqlı proyektlər üzərində işləmişəm.

- Çalışdığın proyektlərdən birini bizimlə bölüşərdin.
- Müştərilərimizin böyük bir qismi Amerikada fəaliyyət göstərən nəhəng film kinostudiyalarıdır. Onların tələbləri heç də sadə və primitiv olmur. Bir neçə ay bundan əvvəl şirkətin prezidenti ilə birlikdə sırf Amerikada olan müştərilərimizlə əlaqəli bir layihədə yer aldım. Şirkətin gördüyü işlərin hesab fakturasını Amerika standartlarına uyğun təqdim etmək lazım idi. Bunu yerinə yetirmək üçün Böyük Britaniayaya xas olmayan ve tam fərqli bir sistem qurmaq tələb olunurdu. Təkmilləşdirilmiş maliyyə proqramlarını tətbiq edərək, müştərilərimizi məmnun edən formatda bir sistem qurdum. Bu mənim və şirkətimiz üçün böyük nailiyyət idi.



- Azərbaycanlı qız, uzaq ölkə, iş səyahətləri və digər tərəfdə mental dəyərlərin qoyduğu sərhədlər… Bunu necə aşa bildiniz?
- Uşaq yaşlarımdan bəri həmişə səyahət etmək, fərqli ölkələrin mədəniyyəti ilə yaxından tanış olmaq istəmişdim. Təbii ki, söhbət Azərbaycan ve İngiltərə kimi iki fərqli ölkədən gedirsə, burada mental dəyərlərin öz cəmiyyətinə ve ətraf mühitinə xas olaraq formalaşdığını qeyd etmək lazımdır. Mən sadəcə hər iki mədəniyyətin yaxşı tərəflərini tətbiq edib həyatıma davam edirəm. Unutmayaq ki, ölkəmizin çox gözəl dəyərləri var. Bu dəyərləri daşıdığıma görə özümü şanslı hesab edirəm.

- Bizə bir az işinizdən danışardız. Nəyə görə məhz bu iş?
- Magistr təhsilimi bitirmək üzrəykən, bəzi şirkətlərə təcrübə qazanmaq üçün müraciət etdim. London böyük şəhər olduğuna görə iş fürsətləri çox idi. Buna baxmayaraq, tələblər ve rəqabət də yüksəkdir. Dissertasiyamı bitirdikdən sonra planlarımda İngiltərədə 1 illik iş təcrübəsi keçmək var idi. Bir neçə iş görüşməsindən sonra hazırda işlədiyim şirkəti seçdim. Şirkət film/TV sektorundadır. Daha dəqiq desəm anti-pirat şirkətidir. Hansı ki, bu sahəyə tələb durmadan artır. Əminəm ki, bir çoxunun anti-pirat şirkətlər haqqında məlumatı yoxdur.



- Niyə bu işi orada hüquq mühafizə orqanları yox, özəl şirkət aparır?
- IT texnologiyalari inkişaf etdikcə, müxtəlif film, tv verilişlər və musiqiləri bir neçə saniyədə internetdən yükləmək olur. Məhsulu belə sadə halda əldə etmək bu məhsulu əziyyət çəkib ərsəyə gətirən film studiyaları ve media distribyutorları üçün gəlirlərin azalması deməkdir. Anti-pirat sahəsində ixtisaslaşmış şirkətlər bu cür studiyaların istehsal etdiyi məhsulun piratçılığa məruz qalmasının qarşısını alır. Mənim çalışdığım “Entura” adlı şirkət də onlardan biridir. Hüquq-mühafizə orqanlarının bu sahədəki fəaliyyətinə gəldikdə isə bəzən hətta dövlət qurumları özü müəllif hüquqlarının pozulması məsələsi ilə bağlı bizə müraciət edir. Müəllif hüquqlarının pozulması aktual məsələdir. İngiltərədə hüquq-mühafizə orqanları müəllif hüquqlarının pozulması ilə məşğul olur. Lakin film-media sahəsi üzrə olan problemlərin həlli üçün daha dərin təcrübəyə malik ixtisaslaşmış şirkətə yönəlirlər.

- Pirat məhsulu aşkarladıqdan sonra onun haqqında hansı tədbirləri görürsünüz?
- Pirat məhsulu aşkarlayıb, dinamik şəkildə məsələni həll etmək mürəkkəb prosesdir. Sadə dillə desək, pirat məhsul aşkarlanan kimi verifikasiya olunur. IT komandamız piratçılara dərhal xəbərdarlıq göndərir. Xəbərdarlıq qanunu pozan şəxslər tərəfindən nəzərə alınmırsa, komandamız pirat məhsulları yox etmək üçün istifadə olunan ən yeni proqramlardan istifadə edir. Müştərilərimiz özlərinin müəllifi olduğu media məhsullarının kopyaları haqqında bizdən ətraflı hesabatlar alır. Bu cür hesabatlar müştərilərə problemin əsas mənbəyini aşkar etməkdə kömək edir.



- Azərbaycanda sırf bu sahə üzrə ixtisaslaşmış şirkət yoxdur. Sizcə, burada piratçılıqla mübarizə üçün hansı işlər görülə bilər?
- Sosial şəbəkələr ve internet var olduqca, pirat məhsulları da hər zaman olacaq. Məhz buna görə anti-pirat şirkətlərinə tələb hər zaman var. Təbii ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da internetdə pirat məhsullar aşkarlamaq mümkündür. Ölkəmizdə film sahəsinin inkişafını görmək xoşdur. Amma Azərbaycanda çoxları sevdikləri filmi kinoteatrlarda izləmək əvəzinə, evdə noutbukda izləməyi üstün tutur. Bunu etməklə bir çox kinostudiyanın əməyi qarşılıqsız qalmış olur. Azərbaycanda piratçılıqla mübarizədə ilk addımlardan biri insanları bu haqda düzgün məlumatlandırmaqdır. İnsanlar bu məsələnin mahiyyətini anladıqdan sonra piratçılığa qarşı sağlam texnoloji qurum yarana bilər.

- Sizin üçün Azərbaycan və İngiltərənin fərqi nədədir?
- Azərbaycan doğulub-böyüdüyüm, İngiltərə isə gəncliyimi keçirdiyim ve təcrübə topladığım ölkədir. İngiltərə mənə müstəqil yaşamağı öyrətdi. Fikrimcə müstəqillik birmənalı anlaşılmamalıdır. Müstəqil həyat heçkimin sənə qarışmayacağı anlamına gəlmir. Əksinə özündə bir çox öhdəliklər cəmləyir. Heç vaxt heç kəsdən qarşılıq gözləmədən özümə güvənərək yaşamağı öyrəndim. Fərqli insanlar tanıdım, yeni dostluqlar qurdum. Azərbaycan isə harada olduğumdan asılı olmayaraq, mənə doğmalıq hissi verən yeganə ölkədir. Xarici dostlarım arasında Azərbaycan haqqında söhbət düşəndə ölkəmizlə bağlı ətraflı məlumat verirəm.



- Diaspor İngiltərədə Azərbaycanın təbliğatını necə aparır? Əcnəbi tanışlarınız Qarabağ haqqında nə bilir, onlarla bu barədə danışırsınız?
- İngiltərədə son illər Azərbaycanı “Eurovision” mahnı müsabiqəsindəki çıxışlarına görə tanıyırlar. Londonda xeyli azərbaycanlı yaşayır ve bir çox diaspor təşkilatı var. Belə qurumlar Böyük Britaniyada yaşayan azərbaycanlıları bir araya toplamaq, Londonda böyüyən uşaqların ana dilini unutmaması üçün müxtəlif tədbirlər keçirmək, həmçinin Qarabağ problemi haqda həqiqətləri dünyaya çatdırmaqdır. Məsələn, son olaraq AXC-nin 100 illiyi ilə bağlı tədbir oldu. Həmyerlilərimiz London kitabxanasında Xalq Cümhuriyyəti haqqında birr neçə arxiv materialı təqdim etdilər. Burada bir çox millətlər yaşayır. Kiməsə nəyisə duyurmaq çətin deyil. Tələbəlik dövrümdə ölkəmizlə bağlı bir çox tədbirlərə qatılırdım. Başqa ölkələrdən gələn, eləcə də yerli tələbələri Qarabağla bağlı keçirdiyimiz tədbirlərə dəvət edirdik. Onlar ölkəmiz haqqında suallar verəndə qürurla cavab verirdik. İşə başladıqdan sonra daha az vaxtım olur deyə, əvvəlki kimi aktiv təbliğat işi apara bilmirəm. Amma fürsət olduqca bu növ tədbirlərdə yaxından iştirak edirəm.

- Azərbaycan musiqisinə qulaq asırsınız?
- Uzaqda olmağım Azərbaycan musiqisinə yad olduğum anlamına gəlmir. Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslim Maqomayev kimi dəyərli musiqiçilərimizi sevərək dinləyirəm. Onların kompozisiyalarını heç vaxt köhnəlməyəcəyini düşünürəm. Hətta bəzi mahnılarımızı inglislərə dinlədirəm, çox bəyənirlər.



- Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsünüz?
- İngiltərəyə gələndə təhsil alıb Bakıya qayıdacağımı düşünürdüm. Amma həyatın qarşımıza hansı sürprizləri çıxaracağı bəlli deyil. Hazırda işimdə özümü təkmilləşdirməyə çalışıram, sonrasını zaman göstərəcək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #müsahibə   #London   #İngiltərə   #Böyük_Britaniya   #film   #media   #hüquq   #karyera   #uğur_hekayəsi   #Azərbaycan   #pirat   #femida  

Oxunub: 19203