Paşinyan hakimiyyətinin 2 ayı - Geridə qalanlar və irəlidə görünənlər


19:25     10 İyul 2018 2018/07/43609315_303_1531222001.jpg


Ermənistanda Nikol Paşinyanın rəsmən hakimiyyətə gəlməsindən 2 ay keçir. Ser Sarkisyan hakimiyyətin devrilməsi ilə nəticələn etirazların lideri mayın 8-də ölkənin yeni baş naziri seçilməklə yeni bir dövrün başlanğıcını etdi. 2 ay qısa müddət olsa da, bu dövrdə onun hansı yolu tutduğunu müəyyən qədər xarakterizə etmək olur. Hakimiyyətdə olduğu dövrdə Paşinyanın daxili və xarici, eləcə də iqtisadi siyasətdə hansı addımlar atdığını və ata biləcəyini iki mütəxəssis – Natiq Miri və Hatəm Cabbarlı ilə xarakterizə etməyə çalışdıq.

Ciddi və qeyri-ciddi Paşinyan

Politoloq Natiq Miri Paşinyanın ötən 2 ay müddətindəki fəaliyyətini siyasi və iqtisadi olaraq iki yerə ayırıb:

“İqtisadi yöndə addımlar atılmasından, irəliləyişdən söhbət gedə bilməz. Çünki Ermənistanın maddi durumu buna imkan vermir. Üstəlik belə qısa müddətdə yeni iqitsadi sistemin yaradılması da mümkün deyil. Bunun olması üçün mütləq mənada siyasi dayanıqlıq lazımdır ki, bu da yoxdur. Çünki hələ də parlamentdə oturan deputatlar keçmiş Sarkisyan hakimiyyətinin nümayəndələridir. Buna görə də yeni parlament seçkiləri keçirilənə və demokratik parlament formalaşmayana qədər hər hansı siyasi-iqtisadi dəyişiklikdən söhbət gedə bilməz.

Ancaq bu iki ay ərzində müəyyən dəyişikliklər də yox deyil. Məxməri inqilab dövründə Paşinyanın xalqa verdiyi monopoliyanın aradan qaldırılması və korrupsiyaya qarşı mübarizə vədi var idi. Ötən iki ay müddətində Paşinyan bu məsələdə ciddi olduğunu ortaya qoydu. Kimsənin Ermənistanda artıq toxunulmaz olmadığını və bunun arxasında ciddi siyasi iradənin olduğunu göstərdi. Sabiq prezident Ser Sarkisyanın qardaşı həbs olundu, qardaşı oğlu və qızı axtarışa verilib, bir neçə general həbs edilib. Yeni hökumət bu ipi çəkməkdə davam edəcək. Ən azından korrupsiyaya qarşı ciddi mübarizənin getdiyi söyləmək olar. Həbs olunan şəxslərdən götürülən maliyyənin dövlət büdcəsinə qaytarılması kimi hadisələr yaşanır. Ancaq köklü anlamda Ermənistanda nəsə etmək mümkün deyil. Bu kontekstdə yeni parlament seçkilərinin keçirilməsinə ehtiyac var ki, dayanıqlı bir hökumət sistemi formalaşsın. Əks təqdirdə Paşinyan hakimiyyətinin xarici faktorların təsiri ilə hər an devrilə bilər”.



Ermənistanın qısamüddətli müharibə qorxusu

Natiq Miri Paşinyanın ötən iki ayda Dağlıq Qarabağ məsələsi barədə verdiyi radikal bəyanatları isə boğazdan yuxarı deyilmiş sözlər adlandırdır:

“Bu Paşinyanın qeyri-ciddi siyasətçi olduğunu ortalığa qoydu. Çünki çox keçmədi ki, cəbhə xəttində baş verən proseslər, Azərbaycanın hərbi təlimlərə başlaması və güc nümayişi göstərdi ki, Paşinyan heç də doğru yolda deyil. Ən azından erməni siyasi sferasında da Paşinyana öyrətdilər ki, bu cür ritorikalarla Azərbaycanla danışmaq mümkün deyil. Belə çıxışlar Ermənistan dövlət maraqlarına da uyğun deyil. İstənilən qısa müddətli müharibə dövründə Ermənistan ciddi zərbə alacaq ki, bu da Paşinyan hökumətinin çox qısa zamanda devrilməsi ilə nəticələnə bilər. Artıq Paşinyan bəzi gerçəkləri anlamağa başlayıb. Məsələn, əvvəllər tələb olunurdu ki, qondarma rejim mütləq mənada danışıqlarda tərəf kimi iştirak etsin. Artıq bu təklif meydanda deyil. Hətta dinamik danışıqlar aparılacağı haqqında da fikirlər söylənilir ki, bu da yaxın 2 ayda Paşinyan hakimiyyətində olan dəyişikliklərdir.

Azərbaycan və Türkiyədən asılılıq

Politoloqun fikrincə, Paşinyanın yeganə inkişaf yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normllaşmasından keçir:

“Düşünürəm ki, gələcəkdə də Paşinyan erməni xalqını bataqlıqdan çıxarmaq istəyirsə, yeni iş yerləri açmaq istəyirsə, Azərbaycanla gerçək mənada danışıqlara oturub Dağlıq Qarabağ probleminin ədalətli şəkildə həllinə çalışmalıdır. Əks təqdirdə Paşinyan hökumətinin perspektivi qaranlıq görünür. Siyasi korrupsiyaya qarşı mübarizə adı altında aparılan siyasət uzunmüddətli ola bilməz. Mütləq mənada Ermənistandakı demokratik, demoqrafik faciənin, işsizliyin, aclığın qarşısını almaq üçün yeni iqtisadi sistemə, islahatlara ehtiyac var. Lakin Qarabağ problemi həll olunmadan Ermənistanın inkişafını təmin etmək mümkün olmayacaq. Ona görə Paşinyan Ermənistandaklı real vəziyyətə diqqətlə baxarsa, ölkəsinin gələcək perspektivinin bunun Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçdiyini anlayacaq”.

Paşinyan kötüyə vura bilmir, budaqları doğrayır

Ermənistan üzrə ekspert, siyasi elmlər doktoru Hatəm Cabbarlı isə Nikola Paşinyanın rəhbərliyi ilə keçən 2 ay müddətində erməni ictimaiyyətinin gözlədiyi nəticələri əldə etmədiyini düşünür:

“O, ötən müddətdə Ermənistanın qarşılaşdığı sosial, iqtisadi, siyasi problemləri həll etməkdənsə, daha çox keçmiş hakimiyyət nümayəndələrinə və oliqarxlara qarşı mübarizə aparmağa üstünlük verdi. İlk baxışda bu müsbət hal kimi dəyərləndirilsə də, iqtisadi və sosial problemlərin həll edilməsində təsirli olmayacaq. Paşinyan oliqarxlarla mübarəzə aparsa da, daha böyük maddi imkanlara sahib olan oliqarxların üzərinə yox, orta səviyyəli oliqarxları hədəf aldı. Bununla erməni ictimaiyyətində öz mövqeyini gücləndirməyə çalışdı.



Paşinyan baltanı ağacın kökünə vura bilmir. Hələlik ağacın budaqlarını doğramaqla məşğuldur, ağacın kökü və kötüyü sağlamdır. Bu baxımdan daxili siyasətə yönəlik bəzi həbslərin aparılması, hətta keçmiş prezident Ser Sarkisyanın qardaşının və digər yaxınlarının həbs edilməsi Paşinyana sadəcə ölkə daxilində siyasi divident gətirir. Amma bu siyasi dividentin necə nəticələnəcəyi olduqca qaranlıqdır. Belə ki, iqtisadi problemlər yenə də həll olunmayıb, xarici siyasətdə uğursuzluqlar var.

Erməni makyajı və ikinci mitiq dalğası

H.Cabbarlının sözlərinə görə, Paşinyanın Dağlıq Qarabağla bağlı militarist bəyanatları ölkədə qalıcı əmin-amanlığa böyük maneədir:

“Erməni xalqı hələ də may ayinda yaıadıqları eyforiyadan qurtulmayıb. Onlar sadəcə şüarlarla Ermənistanın daxili problemlərini həll edəcəklərini düşünürlər. Bu günədək Paşinyan hökuməti bir neçə oliqarx və əyalət rəhbərinin gizlətdiyi vergiləri xəzinəyə geri qaytara bilib. Bu rəqəm o qədər azdır ki, Ermənistanın maliyyə problemlərini həll etməyəcək.

O, erməni siyasi həyatinda illərdən bəri quruyub qalmış makyajı yuyaraq, özü istədiyi çalarlarda makyaj edir. Bunun nə qədər davam edəcəyi şübhəlidir. Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər Paşinyanın necə hərəkət edəcəyi, erməni ictimaiyyətində hansı dəyişikliklər edə biləcəyi də sual altındadır. İl sonuna qədər böyük ehtimalla erməni ictimai rəyi Paşinyandan gözlədikləri islahatları nəticələrini görməyib olduqca məyus ola bilər. Bu da ikinci bir mitinq dalğası yarada bilər. Bu baxımdan onun iki aylıq hakimiyyəti Ermənistanın daxili və xarici siyasətdə ciddi uğur əldə etməsinə şərait yaratmadı. Əksinə ölkədə əks qütblər arasındakı mübarizə daha da gücləndi”.



Ermənilərin gülünc Günnüt bəyanatı

Siyasi ekspert son olaraq bildirib ki, Paşinyanın bəyanatları birmənalı olaraq qəbul edilməzdir:

“Paşinyan daha çox hərbi ritorika dolu bəyanatlar verir. Maraqlıdır ki, onun bəyanat verdiyi əsnada Azərbaycan ordusu Naxçıvanda Günnüt kəndini işğaldan azad etdi. Ermənistan Müdafiə Nazirliyi tərəfindən çox gülünc bəyanat verildi ki, guya Ermənistan azərbaycanlı mülki əhalinin oradakı qəbristanlığı ziyarət etməsi üçün icazə verib. Ermənistan əhalisi bu məsələnin mahiyyətini qavramadı. Hakimiyyət məsələnin üstünü örtməyə çalışdı. Paşinyanın Qarabağ barəsindəki bəyanatları isə sırf mövqeyini gücləndirmək məqsədi güdür. Problem sərt bəyanatlarla həll olunmur. Paşinyanın il sonuna doğru konsrtuktiv mövqe sərgiləmə ehtimalı olduqca azdır. Odur ki ilin sonuna doğru məsələnin həllində müəyyən irəliləyişlər gözləmək mümkün deyil”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Paşinyan   #Ermənistan   #siyasət   #Azərbaycan   #Türkiyə   #Hatəm_Cabbarlı   #Natiq_Miri   #politoloq   #ekspert  

Oxunub: 1992