Əhali 6 ayda ərzağa nə qədər pul xərcləyib?


16:18     11 İyul 2018 erzaq0.jpg

2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olub.


Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 13,8 faizi ticarət müəssisələri, 52,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,6 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,7 faiz artmış, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 0,4 faiz azalıb.

Cari ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 291,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Femida.az

Açar sözlər: #Manat   #Statistika   #Ərzaq  

Oxunub: 494