“İğtişaşın Gəncə sakinlərinə aidiyyəti yoxdur” - Millət vəkili

“İğtişaşın Gəncə sakinlərinə aidiyyəti yoxdur” - Millət vəkili

17:06     11 İyul 2018 musa%20q2.jpg

“İğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyəti yoxdur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb”.


Femida.az-ın xəbərinə görə, bunu millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Millət vəkili qeyd edib ki, Gəncədə baş vermiş iğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi yoxdur: “Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün şərait yaradıb və onların işlərinə qarışmır. Hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycanı Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan və dövlətin orqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir? Sual oluna bilər? Bu iğtişaş gözlənilən idimi? Hesab edirəm ki, bəli! Hələ Prezident seçkilərinin vaxtının dəyişdirilməsi zamanı səbəb kimi baş verən mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi”.

O, radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğunu bildirib: “Fikrimcə, daha üç hadisə Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar etdi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə bayram edilməsi, millətimizin bağrından çıxan ordumuzun möhtəşəm paradı, Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmənin qovulması və torpaqlarımızın azad edilməsi. İğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür. Gəncədə törədilən iğtişaş zamanı həlak olan polis işçilərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirəm. Qəbirləri nurla dolsun”.

Femida.az

Açar sözlər:

Oxunub: 978