220 saylı məktəbdəki qalmaqalla bağlı ilk məhkəmə – Cavabdeh sübutsuz gəldi

220 saylı məktəbdəki qalmaqalla bağlı ilk məhkəmə – Cavabdeh sübutsuz gəldi


20:21     11 İyul 2018 18_07_11_1531311815.jpg


Nəsimi rayon məhkəməsində 220 saylı məktəbin direktor müavini, iddiaçı Zeynəb Rzayeva və cavabdehlər - direktor Tural Mirzəliyev və Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) arasında baş verən işdən çıxarılma qalmaqalı ilə bağlı ilk məhkəmə iclası baş tutub.

Natavan Tağıyevanın rəhbərliyi ilə keçirilən iclasda ilk olaraq iddiaçı tərəfin vəkili Adəm Məmmədov çıxış edib. O, Z.Rzayevanın bu ilin əvvəlində sırf şəxsi-qərəzlik zəminində direktor Tural Mirzəliyev tərəfindən böhtan atılaraq işdən azad edildiyini bildirib.

Vəkilin sözlərinə görə, vətəndaşın icazəsi olmadan onun çəkilişini aparmaq və görüntülərini yaymaq cinayətdir:

“Rza Rzayevin icazəsi olmadan direktor çəkiliş aparıb və üstəlik, onu ictimailəşdirib. Bu məsələdə direktor məsuliyyət daşıyır. Rza Rzayevin əməlində nə cinayət tərkibi, nə də inzibati məsuliyyət yoxdur”.

Qeyd edək ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva direktor Tural Mirzəliyev tərəfindən vəzifəsinin dəyişdiriləcəyi barədə xəbərdarlıq alıb. Müavinin səbəbsiz yerə verilən qərara etiraz etməsindən sonra direktor Bakı Şəhər Təhsil İdarəsinin səlahiyyətlilərini məktəbə dəvət edib, yoxlama təşkil olunub. Yoxlamadan sonra illlədir məktəbdə çalışan Z.Rzayeva vəzifə borcunu yerinə yetirmədiyi əsası ilə müəmmalı şəkildə işdən azad edilib.

Z.Rzayeva çıxışı zamanı bildirib ki, Tural bəyin onunla qərəzli münasibəti uşaqlardan pul yığması tələbindən sonra yaranıb:

“Direktorun göstərişi ilə uşaqlara əlavə dərs keçən müəllimlərdən hər uşaq başına 10 manat pul yığıldı, direktora verdim. Mənə demişdi ki, bu müqavilə əsasındadır. Təhsil İdarəsinə veriləcək ki, məktəbin təmir xərclərinə kömək etsinlər. Pulu yığıb verəndə müqaviləni tələb etdim, amma məlum oldu ki, pul qeyri-rəsmi yığılırmış və təmir üçün deyil. İrad bildirdim ki, niyə məni qanunsuz əməllərə vadar edirsiz? Bundan sonra Tural müəllim məni məktəbdən uzaqlaşdırma cəhdlərinə başladı. Çünki bilirdi ki, mən bütün qanunsuz və qeyri-əxlaqi əməllərə qarşı çıxıram. Sınaq imtahanlarında uşaqların nəticələrini qəsdən azaldırdı ki, valideynlər uşaqları məktəbə əlavə hazırlığa göndərsinlər. Təbii ki, hazırlıq ödənişli idi və yığılan pulların bir hissəsi direktora çatıdrdı. Qadın müəllimələri çağırıb otaqda çay, kofe təklif edirdi, onlara adlarının mənasını açıqlayırdı. Müəllimənin birinə demişdi sənin adının mənası “od, atəş” deməkdir. Bilmirəm bununla nəyə işarə etmişdi, amma müəllimə ağlayaraq otaqdan çıxmışdı və məsələni mənə danışanda bunu Tural müəllimə irad tutdum. Bir sözlə, onun rahat fəaliyyətinə mane olduğum üçün direktor məni mütləq məktəbdən uzaqlaşdırmağı qarşısına məqsəd qoymuşdu”.

Daha sonra iddiaçının nümayəndəsi olan qardaşı, aktyor-rejissor Rza Rzayev çıxış edib. O, bildirib ki, 220 saylı məktəbə bacısının işdən çıxma ərizəsini təqdim etmək üçün gedib:

“Məlum videoda heç bir hədə-qorxu gəlmək fikrim olmayıb. Direktorun qəsdən sakit və qıcıqlandırıcı tərzdə danışması, məni hiddətləndirməsi və otaqda kamera quraşdırıb bunları lentə alması əvvəlcədən planlanmışdı. O, bu görüntüləri yayırsa, niyə otaqda xanım müəllimələrlə danışıq və davranış tərzinin videosunu gizlədir. Üstəlik məhkəmə zalına jurnalistlərin buraxılmasını istəmir. Bu da bir qərəzdir. Amma özü mənim həmkarlar ittifaqının iclasında bacımla birlikdə iştirakıma icazə verməmişdi”.

Bundan sonra BŞTİ-nin hüquqşünası çıxış edib. O, hazırda heç sənədli sübutlarının olmadığını, növbəti iclasda sənədli sübutla gələcəyini bildirib:

“Zeynəb xanım 220 saylı məktəbdə müddətsiz müqavilə ilə çalışıb. Lakin bu o demək deyil ki, rəhbərlik onu işdən çıxara bilməz. O, məktəbdə dərs gedişatını, məktəbin ümumi ahəngini pozduğu üçün işdən azad edilib. Növbəti iclasa sübutlar gətirəcəm”.

Daha sonra BŞTİ-nin hüquqşünası vəkil Adəm Məmmədovun "müəlliməni konkret olaraq hansı vəzifə tələbini pozduğuna görə işdən çıxarmısız" sualına cavab verə bilməyib. Digər suallar qarşısında susmaqla kifayətlənən hüquqşünas bildirib ki, hazırda əlində lazımı məlumatlar yoxdur.

Direktor Tural Mirzəliyevin çıxışı belə olub:

“Ola bilər mənim əleyhimə ifadə verə biləcək müəllimlər var. Amma mən heçkimi təhqir etməmişəm, pul yığmamışam. BŞTİ-nin yoxlamasından sonra Z.Rzayeva işdən azad edilib. Mənim onu işdən çıxarmaq səlahiyyətim yoxdur. Mən əvvəlcə onu və onunla birlikdə 4 direktor müavini də işdən çıxarılmalı idi. Digərləri müavin vəzifəsini itirxib, müəllim kimi qalmaq şərtilə qərara etiraz etmədilər. Z.Rzayeva razılaşmadı. Rza Rzayevlə bağlı videonu mən yaymamışam. Hüquq-mühafizə orqanları və Təhsil Nazirliyi videonu istədi, mən də onlara verdim. Başqa heç kimə verməmişəm. Yayanın kim olduğunu bilmirəm. Amma indi düşünürəm ki, elə yaxşı olub video yayılıb”.

Hakim proses 17 iyul tarixinə təxirə salıb.

Femida.az

Açar sözlər: #hakim   #məhkəmə   #iclas   #qanun   #vəkil   #hüquq   #hüquqşünas   #məktəb   #direktor   #müəllim   #BŞTİ   #təhsil  

Oxunub: 3333