Attestatların verilməsinə başlanılıb


17:23     12 İyul 2018 tehsil%20idaresi3.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsi davam edir.

BŞTİ-dən Femida.az-a bildirilib ki, XI sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli (qızıl və gümüş medallar), əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. Ötən ildən etibarən IX sinfi bitirən məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.

Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülən məzunların xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rəngdədir.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 744