DGK-dan qanunsuzluqlara yol verilməsi ilə bağlı iddialara cavab


01:28     13 İyul 2018 dgk%20muraciet.jpg


Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.

DGK-dan Femida.az-a verilən məlumata görə, açıqlamada deyilir ki, bəzi kütləvi informasiya vasitələrində Qazax rayonu, Çaylı kənd sakini Əliyev Eyvaz İsa oğlu tərəfindən yazıldığı bildirilən, Dövlət Gömrük Komitəsi və onun əməkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürülən məktub dərc olunub.

Dövlət Gömrük Komitəsi bildirir ki, məktubun əvvəlində Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda idxal əməliyyatları zamanı guya qanunsuzluqlara yol verilməsi ilə bağlı iddialar hər hansı fakta söykənmədiyindən qeyri-ciddi hesab olunur və müəllifin şəxsi təxəyyülünün məhsuludur:

"Əliyev Eyvaz İsa oğlunun guya gömrük-keçid məntəqəsində gömrük əməkdaşlarının öz işinə etinasız yanaşması nəticəsində saat 14:30-dan 16:10-dək gözləməsi ilə bağlı iddiasına gəlincə isə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə aparılan araşdırma nəticəsində məlum olub ki, Əliyev Eyvaz İsa oğlu 06 iyul 2018-ci il tarixdə saat 15:46-daGürcüstan istiqamətindən idarə etdiyi avtomobillə gömrük postunun ərazisinə daxil olub və 16:21-də gömrük postunun ərazisini tərk edib. Yəni müəllifin iddia etdiyi kimi o postun ərazisində 1 saat 40 dəqiqə deyil cəmi 35 dəqiqə qalıb və bu müddət ərzində o pasport qeydiyyatından, "1 pəncərə" sistemi vasitəsilə rəsmiləşdirmə proseslərindən keçməklə yanaşı, həm də onun şəxsi avtomobilinə gömrük baxışı keçirilib.

VAİS vasitəsilə aparılan araşdırma zamanı o da məlum oldu ki, Əliyev Eyvaz İsa oğlu müntəzəm olaraq Gürcüstana səyahət edir və hər dəfə özü ilə müxtəlif növ məhsullar gətirir.

Onu da qeyd edək ki, Əliyev Eyvaz İsa oğlu ictimailəşdirdiyi iddialarla bağlı Dövlət Gömrük Komitəsinə və onun hər hansı qurumuna müraciət etməyib.

Maraqlı məqam isə ondan ibarətdir ki, əyalətdə yaşayan bu şəxsin hər hansı səbəbdən məlumatsız olduğunu nəzərə alaraq gömrük orqanları haqqında əsassız iddialar irəli sürməsi bəlkə də başa düşüləndir.

Ancaq hər hansı fakta söykənmədən əsassız iddialarla ölkənin strateji dövlət qurumunun fəaliyyəti barədə "ağıllı-ağıllı" ehkam kəsən bəzi media qurumları və onların əməkdaşları bilməlidirlər ki, qanunvericiliyə əsasən hər hansı qurum və şəxs haqqında irəli sürdükləri iddiaları həmin qurum və ya şəxsdən rəsmi cavab aldıqdan sonra ictimailəşdirməli və yayımlamalıdırlar. Əks halda irəli sürdükləri iddialar yalan, böhtan və qərəz xarakteri daşıyaraq qanunvericilik qarşısında məsuliyyət yaradır.

Dövlət Gömrük Komitəsi bir daha komitənin fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən qarşı tərəfin də rəsmi mövqeyini öyrənməyi və qanunvericiliyə əməl etməyi tövsiyə edir".

Femida.az

Açar sözlər: DGK  

Oxunub: 485