Bakıda yeni metrostansiya açılacaq


13:49     14 İyul 2018 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg


“2011-ci ilin mart ayında prezident İlham Əliyevin sərəncamı ilə ”Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf Sxemi inkişaf sistemi" təsdiq edilib. Həmin sxemdə göstərilən stansiyalar mərhələlərlə inşa olunacaq. Bakı şəhərinin perspektiv inkişaf planına əsasən, 2035-ci ilə qədər metropolitenin 5 xətt üzrə 76 stansiyası olacaq".

Femida.az xəbər verir ki, bunu “Yeni Müsavat”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda metropolitenin 3 xətti üzrə 25 stansiyası mövcuddur. 26-cı stansiya da tikilir: “Bu stansiyaların perspektiv inkişaf sxeminə uyğun hazırlanması üçün dövlət başçısının 2008-ci ildə imzaladığı sərəncam əsasında konsorsium yaradılıb. Konsorsium perspektiv inkişaf sxemi üzərində müxtəlif layihələr hazırlamışdı. Bakıda əhalinin artımı və bir neçə aspektdən araşdırma aparılıb, vəziyyət öyrənilib, ondan sonra ən optimal variant kimi hazırkı sxem hazırlanıb. Düşünürəm ki, bu sxem tamamlanarsa, şəhərimiz üçün çox faydalı olacaq. Ən yaxın müddətə təhvil veriləcək stansiya Bənövşəyi xəttin şərti adı ”B-3" olan stansiyasıdır. Avtovağzal, Memar Əcəmi stansiyasından sonrakı olacaq. Həmin xətt üzrə üçüncü stansiya olacaq. Avtovağzal və Memar Əcəmidə olduğu kimi bu stansiya da 7 vaqonluq olacaq. Hazırda stansiyada tikinti işləri gedir. Qatarlar bu stansiyaya daxil olub, onun arxası ilə dönüb əks istiqamətə geri qayıtmaq imkanı olacaq. Stansiyanın tikintisinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə yekunlaşması planlaşdırılır".

B.Məmmədov onu da bildirir ki, Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyasının inşası da aparılır: “Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunun tələb olunan minimal enerji təminatını ödəyəcək. Ümumiyyətlə, layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq. Onu qeyd etmək kifayətdir ki, metropolitenin elektrotexniki avadanlıq və qurğuları müxtəlif gücə malik 220 transformatorla təmin edilir və bu da aylıq 12 milyon kV/saat təşkil edir. Əlbəttə, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə həlli mümkün olmayan məsələ yoxdur. Məsələnin bir neçə həll istiqaməti var. Ölkənin və paytaxtın elektrik enerjisi ilə təchizatı sistemi ilə bağlı dövlət siyasətini həyata keçirən bu sənaye sahəsini aparıcı qurumlarla sıx əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində qarşıya qoyulmuş vəzifələrin həlli ilə bağlı təkliflər hazırlanacaq. Artıq ”Bakı Metropoliteni" QSC-də bununla əlaqədar mühüm işlərin görülməsinə, bütün ehtiyacları nəzərə alan təkliflərin müzakirəyə çıxarılması istiqamətində işlərə başlanılıb".

Femida.az

Açar sözlər: #metro   #Bakı   #stansiya  

Oxunub: 1340