İnsan hüquqları ilə bağlı 347 qərar qəbul edilib

İnsan hüquqları ilə bağlı 347 qərar qəbul edilib

14:36     14 İyul 2018 2018/07/Ferha-1529479408_1531550413.jpg

“Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətini ümumi təhlil edərkən qeyd olunmalıdır ki, Plenum tərəfindən qəbul edilən 374 qərardan 347-si insan hüquqları və azadlıqlarının qorunmasına yönəlib”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş mühüm əhəmiyyət kəsb edən qərarlardan 153-ü qanunların şərh edilməsi, 3 qərar isə Konstitusiyanın müvafiq maddələrinin şərh edilməsi ilə bağlı olub:

“Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi hər zaman digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Məhkəmələrin müraciətlərində hüququn müxtəlif sahələrini əhatə edən məsələlərə dair qanunvericilik müddəalarının şərhi, hər hansı normativ hüquqi aktın normasının düzgün tətbiqi ilə bağlı yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması və mövcud təcrübənin vahid istiqamətdə formalaşdırılması ilə bağlı vacib məsələlər yer almaqdadır. Bu da onu göstərir ki, məhkəmələr insan hüquqlarının həyata keçirilməsinin əhəmiyyəti və məsuliyyətini dərindən dərk edərək yaranmış qeyri-müəyyənliyin aradan qaldırılmasında Konstitusiya Məhkəməsinin mövqeyini əldə etməklə ədalətli qərarlar qəbul edilməsinə nail olmağa çalışırlar”.

F.Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin qərarları dövlətin və cəmiyyətin inkişafının konstitusiya - hüquqi tənzimlənməsinə, qanunvericiliyin Konstitusiya dəyərlərinə və prinsiplərinə uyğun inkişaf etdirilməsinə əhəmiyyətli təsir göstərir:

“Konstitusiya Məhkəməsinin qərarlarında Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, o cümlədən hüquqi mövqelərinə də şamil edilir, bəzən bu hüquqi mövqelər müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir və bu mənada həmin qərarlar yalnız məhkəmələr deyil, hüquq tətbiqedici orqanlar üçün əhəmiyyətli mənbə qismində çıxış edir”.

Femida.az

Açar sözlər: #Fərhad-Abdullayev   #Konstitusiya-Məhkəməsi  

Oxunub: 428