Əsgərlərin xəstələnmə səviyyəsi azalıb - Generaldan açıqlama


16:54     14 İyul 2018 2018/07/natiq-eliyev1_1531558871.jpg

“2018-ci ilin hazırlıq planında qış tədris dövrü üçün şəxsi heyətin tibbi təminatına aid nəzərdə tutulmuş tapşırıqlar bütövlükdə yerinə yetirilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə xəstələnmə səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb”.


Femida.az-ın “Azərbaycan ordusu” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Hərbi Tibb Fakültəsində keçirilmiş təlim-metodiki toplantıda çıxış edən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev deyib.

O bildirib ki, tibb hərbi hissə və müəssisələrinin müasir diaqnostik cihazlarla komplektləşdirilməsi xəstələrin tam müayinə olunmasına imkan yaradır.


İdarə rəisinin sözlərinə görə, xidmətə yeni gələn əsgərlərin hərbi hissələrdə xəstələnmə səviyyəsinin azaldılmasına diqqət artırılıb, şəxsi heyət arasında müvafiq əks-epidemik tədbirlər görülüb.

N. Əliyev qeyd edib ki, son vaxtlar cəbhə xəttində artan gərginlik, düşmən tərəfindən atəşkəsin tez-tez pozulması hərbi qulluqçular və mülki əhali arasında odlu silah yaralanmaları riskini artırıb: “Yaralanmış hərbi qulluqçuların tibb müəssisələrinə çatdırılma vaxtının minimuma endirilməsi, təxirəsalınmaz tibbi yardımın vaxtında və düzgün göstərilməsi, cərrahi müdaxilələrin aparılması onların tez bir zamanda sağalaraq öz xidmət yerlərinə qayıtması üçün əsas şərtdir. Bu məqsədlə mövcud imkanlardan, o cümlədən tibbi aviasiyanın, nəqliyyat aviasiyasının imkanlarından, mobil qospitallardan maksimum istifadə olunur”.

Femida.az

Açar sözlər:

Oxunub: 581