Ata və qızını öldürüb qaçan sürücü barədə MƏHKƏMƏ QƏRARI


18:12     14 İyul 2018 hokm%20ceza%20mehkeme_yeni.jpg

Bakıda ata və qızını piyada keçiddə vuraraq hadisə yerindən qaçmaqda təqsirləndirən Tofiq Qədirovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, T.Qədirovun şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən il noyabrın 23-də saat 07:00 radələrində Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, onun arvadı Olqa və iki azyaşlı övladını naməlum avtomobil vuraraq, hadisə yerindən qaçıb.

Xəsarət alanlar 3 saylı kliniki xəstəxanaya çatdırılsalar da, A. Əhmədov və qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb. Sabunçu RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ 2107" markalı avtomobillə törədilməsi müəyyən edilib və onun sürücüsü, Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 469