Gömrük sahəsində prioritet: Hüquqpozmalara qarşı mübarizə


16:45     16 İyul 2018 gomruk4.jpg


"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur"

İstiqamət: Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər, gömrük sərhədlərinin müdafiəsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri.

Vətən sərhəddən başladığı kimi, sərhədlərimiz də gömrük keçid məntəqələrindən başlanır. Bu gün Azərbaycanın 4 xarici ölkə ilə sərhədindən respublika əraizisinə daxil olan bütün şəxslər, mallar və nəqliyyat vasitələri məhz gömrük orqanlarının yoxlamasından keçdikdən sonra ölkə ərazisinə buraxılır. Bu, bir növ təhlükəsizliyin qarantı deməkdir.

Fasiləsiz nəzarət və təhlükəsizlik

Bu gün aeroportlarda, sərhəd keçid məntəqələrində, eləcə də dəniz limanlarında gömrük orqanları fasiləsiz iş rejimini davam etdirir. Onlar postlardan gediş-gəlişi son dərəcə təhlükəsiz və rahat şəkildə təmin etməkdən ötrü çalışırlar. Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəddə - neytral zonanın bitdiyi yerdə Azərbaycan gömrükçülərinin işi başlayır.

DGK-nin ötən aylarda gömrük postlarında təşkil etdiyi pressturlar zamanı görünən o idi ki, gömrük əmliyyatlarında insan iştirakı minimuma endirilib. Əksər prosedurlar avtomatlaşdırılıb. Bu həm şəffaflığa, həm qeydiyyat prosesinin asanlaşmasına, həm də gözləmə müddətini azaltmağa xidmət edir.

Bununla belə, gömrükdən keçərkən, qanunu pozmağa cəhd edən vətəndaşlar hələ də var. Hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər, gömrük sərhədlərinin müdafiəsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələləri Azərbaycan gömrükçülərinin başlıca diqqət yetirdiyi sahədir desək, yanılmarıq.

Qanunvericilik

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 3.2. bəndinə əsasən, gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir.

Məcəllənin 8.0.10-cu bəndinə görə, gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanı əməkdaşlarının vəzifə borcudur.

Hüquqpozmalar zamanı görülən tədbirlər və GPS sistemi

Təbii ki, hüquqpozmalar zamanı təcrübəli gömrükçülərin xidmətinə ehtiyac duyulur. Hüquq pozuntuları aşkar edilərsə, məsələ əvvəlcə müvafiq şöbə tərəfindən araşdırılır. Pozuntunun dərəcəsi təyin edilir, protokol tərtib edilir. İnzibati xətadırsa, müvafiq cərimə tətbiq olunur. Cinayət məsuliyyəti yaradan haldırsa, Ədliyyə Nazirliyinin ekspertləri ekspertiza aparır. İstintaq İdarəsinin araşdırmasından sonra iş prokurorluğa göndərilir. Bir sözlə, hər şey sistemli və ardıcıl şəkildə qurulub. Bununla da hüquqpozmalar minimum endirilib.

Bu gün artıq Azərbaycan gömrüyündə ən son texnoloji yeniliklər tətbiq edilir. Buna misal olaraq, interaktiv nəzarətə imkan verən GPS sistemini qeyd etmək olar. Azərbaycan ərazisinə keçən bütün yük avtomobillərinə xüsusi elektron kilidlər - GPS-lər bağlanır. Bu kilidlərin açarı həm kilidin vurulduğu postda, həm də nəqliyyat vasitəsinin təyinat üzrə gedəcəyi postda olur. Üçüncü açar isə ehtiyat olaraq saxlanılır. Bu vasitə ilə gömrükçülər Azərbaycana daxil olan maşınların nə vaxt, harada olduğunu izləyə bilirlər. Avtomobil təyinat üzrə hərəkət etməzsə və ya trayektoriyasından 150 metr uzaqlaşarsa, gömrük məntəqəsinə avtomatik məlumat ötürülür. Ən yaxın ərazidə olan mobil qruplar isə maşının yerini müəyyənləşdirib, dərhal onu taparaq müvafiq hüquq-mühafizə tədbirlərini həyata keçirirlər.

Statistika nə deyir?

Gömrük orqanlarının uğurlu fəaliyyətini görmək üçün sadəcə olaraq ötən ilin statistikasına baxmaq kifayət edir. Gömrükçülər tərəfindən 2017-ci il ərzində 8819 hüquqpozma faktı aşkar edilib. Bunlardan 703-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 764 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin sayına gəlincəil ərzində 232 nəfər saxlanılıb.

2017-ci ildə hüquqpozma faktları üzrə ümumilikdə 2,7 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Hüquqi və fiziki olmaqla 8 mindən çox şəxs inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib.

“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən təxminən 1.6 milyona yaxın dollar, 152 mindən çox avro, 5 min funt sterlinq, 22 milyondan çox rus rublu, 65 minə yaxın Azərbaycan manatı, 14 kq-dan çox qızıl (800 min manatdan çox), 397 ədəd zinət əşyası (dəyəri 240 min manata yaxın), 50 kq-a yaxın gümüş (dəyəri 70 min manata yaxın) və 150 min manatdan çox dəyəri olan digər qiymətli daşlar aşkar olunub.

Böyük inspektor: “Ən xırda məqamlara qədər hər şey araşdırılır”

“Sınıq Körpü” gömrük postunda olarkən, DGK Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov bildirdi ki, hüquqpozmalar ən çox çəki məsələsində yaranır:

“Hər adambaşına ay ərzində bir dəfə 30 kiloqram çəki limiti müəyyən olunub. Lakin bəzən işbazlar çalışırlar ki, qanunvericilikdən yayınsınlar. Qida məhsullarından sonra ən çox elektronika mallarının keçirilməsində qayda pozuntuları aşkar edilir. Bir şəxs eyni adda 2 elektron vasitəni (dəyəri 1500 dollardan artıq olmamaq şərti ilə) keçirə bilər. Hava limanlarındakı keçidlərdə isə nəğd pul limitinin aşılması ən çox qeydə alınan hüquq pozuntularındandır. Mərkəzi Bankın qərarına əsasən, hər bir şəxs maksimum10 min dollar dəyərində vəsaiti nəğd şəkildə ölkədən çıxara bilər”.

R.Namazov deyir ki, gömrük orqanlarının əməkdaşları belə hüquq pozmaları aşkar etmək üçün risk metodları işləyir. Vətəndaşın gəlib keçmə tezliyinə baxılır, araşdırılır , risk meyarları müəyyən olunur və bu əsasla mübarizə aparılır:

“Məsələn, tutaq ki, vətəndaş bəyan edir ki, nəqliyyat vasitəsindəki malı Polşaya aparır. Əməkdaşlarımız məsələni araşdırır, aşkar olunur ki, Polşa bəyan edilən malı istehsal edən ölkələrdəndir. Yaxud daha qısa marşrut olduğu halda sürücü uzun marşrut xətti göstərir. Bu halda vətəndaşın bəyanı şübhə yaratdığı üçün ətraflı araşdırılır və qanun pozuntusuun qarşısı alınır. Yəni ən xırda məqamlara qədər hər şey analiz olunur. Həm kinoloji xidmət, həm roentgen qurğularının vasitəsilə narkotik maddə aşkarlanır”.

İnspektorun sözlərinə görə, vətəndaşın sənədləri qaydasında olmasa və gətirdiyi malın dəyəri və miqdarı qanunvericiliyə uyğun olmadıqda belə, onun malını itirmiş sayılmır. Həmin mallar gömrük anbarlarında təmənnasız və tam təhlükəsiz şəkildə saxlanılır. Qida məhsullarının saxlanma müddəti 3 gün, digər məhsulların saxlanma müddəti isə 120 gündür. Təyin olunan müddət ərzində malın sahibi gəlib onu götürməzsə, mallar müvafiq qaydada yandırılır, məhv edilir.

Qaçaqmalçılıqla mübarizə

Azərbaycanın sürətli inkişafı ilə əlaqədar ölkəyə daxil olan şəxslərin sayı artır. Bu da qaçaqmalçılıq hallarının çoxalmasına təsir etməyə bilməz. DGK-nin fəaliyyətində prioritet istiqamətlərdən biri qaçaqmalçılıqla mübarizədir. Belə ki, Komitə yerli istehsalın qorunması, dövlət büdcəsinə ödənəcək vergi və rüsumlardan yayınma hallarının qarşısının alınması və iqtisadi zərərlərdən qaçmaq üçün qaçaqmalçılıq hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirir. Əsasən, Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən rayonlardan spirtli içki və siqaret, İranla sərhəddən isə narkotik və digər zərərli maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə cəhd edilir.
Məsələn, bu ilin mayında İrandan ölkə ərazisinə daxil olan yük avtomobilində 515 kiloqram narkotik vasitənin aşkar edilməsi gömrük orqanlarının uğuru idi. İrandan ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılmışdı. Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya vermiş, daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilmişdi.

Beynəlxalq əməkdaşlıq

“Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında” Beynəlxalq Konvensiyaya və onun I-X Əlavələrinə qoşulmaq barədə Azərbaycan Respublikasının qanunu var. 19 fevral 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanan qanuna əsasən, Azərbaycan Respublikası 1977-ci il iyunun 9-da Nayrobi şəhərində imzalanmış Beynəlxalq Konvensiyaya və onun I-X Əlavələrinə qoşulub.

Konvensiyanı imzalayan ölkələr gömrük qanunvericiliyinin pozulmasının dövlətlərin iqtisadi, ictimai və maliyyə maraqlarına və ticarətin hüquqi maraqlarına ziyan vurduğunu nəzərə alaraq, gömrük qanunvericiliyinin pozulmasına qarşı tədbirlərin Gömrük idarələri arasında əməkdaşlıq yolu ilə daha səmərəli həyata keçirmək barədə razılığa gəlibər. Bu da öz növbəsində beynəlxaq cinayətlərin, hüquqpozamaların qarşısının alınmasında mühüm addımlardan biridir. Konvensiyanın verdiyi imkanlar sayəsində məlumat alış-verişi edilir və beləcə hüquqpozmalara qarşı əvvəlcədən məlumatlanmaq mümkün olur. Konvensiyaya uyğun olaraq verilən və ya əldə olunan hər hansı məlumat, sənədlər və ya digər informasiya məhkəmə və ya inzibati araşdırmanın aparılması zamanı istifadə də daxil olmaqla, yalnız bu Konvensiyada göstərilmiş məqsədlər üçün və məlumat verən Gömrük İdarəsi tərəfindən qoyula biləcək məhdudiyyətlərə uyğun olaraq istifadə olunur. Məlumatı alan ölkədə həmin ölkənin ərazisində eyni xarakterli məlumat, sənədlər və digər informasiyaya aid edilən məxfilik və rəsmi sirr səviyyəsində qorunur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #DGK   #gömrük   #yazı   #müsabiqə   #jurnalist   #mətbuat_şurası   #iqtisadiyyat   #femida   #hüquq   #hüquqpozma  

Oxunub: 6933